Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?

21
Avq
19:18
thumb_down 0

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Həmçinin, Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində "autriç" (müşahidəçi) formatında görüşə dəvət edib.

Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb və Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. Onu da qeyd edək ki, BRICS kollektiv Qərbə alternativdir və onun gələcək illərdə iqtisadi baxımdan Qərbi tamamilə geridə qoyacağı istisna edilmir.

Bəs BRICS-ə üzvlük Azərbaycana nə vəd edir? Ümumiyyətlə, bu təşkilatın qlobal imkanlarını necə dəyərləndirmək olar?

Mövzunu seher.media-a dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dünya iqtisadiyyatının təxminə 30 faizi BRICS-ə üzv olan ölkələrin payına düşür:

"Əsas məqam isə ondan ibarətdir ki, BRICS ölkələrinin iqtisadi artımı G7 ("Böyük yeddilər") ölkələri ilə müqayisədə təxminən iki dəfə daha yüksəkdir. Çünki dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarına malik Çin və Hindistanın iqtisadi artımı G7 ölkələrindəkindən orta hesabla iki dəfə çoxdur. Ona görə də BRICS hazırda "Böyük yeddilər"i həm nominal ümumi daxili məhsula (ÜDM) görə, həm də xüsusi alıcılıq qabiliyyəti göstəricilərinə görə üstələyir.

Nəzərə alsaq ki, BRICS ölkələrinin genişlənməsi prosesi 2024-cü ildə də davam edir və bir sıra sürətlə inkişaf edən dövlətlər də təşkilata üzv olmağa çalışırlar, bu da onu deməyə əsas verir ki, bu tendensiya BRICS ölkələrinin xeyrinə daha da artacaq".

Ekspert bildirib ki, Azərbaycanın bu quruma üzv olmaq istəyi Çinlə imzalanan tərəfdaşlıq bəyannaməsində öz əksini tapıb:

"Eləcə də Rusiya ilə münasibətlərin inkişaf etməsi fonunda dövlət başçılarının yüksəksəviyyəli görüşlərində Azərbaycanın BRICS-ə üzvlüyü rəsmi olaraq bəyan edilib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində "autriç" formatında görüşə dəvət edib. Təbii ki, BRICS G7 və digər beynəlxalq qurumlarla müqayisədə yeni qurum olduğuna görə onun qərar qəbul etmə, idarəçilik kimi funksiyaları da yeni formalaşmaq ərəfəsindədir. Azərbaycanın seçimini bu istiqamətdə etməsi də onun maraqlarına uyğundur. Üstəlik, BRICS-ə daxil olan ölkələrin Azərbaycanla həm münasibətləri yaxşı səviyyədədir, həm də bəziləri coğrafi cəhətdən ölkəmizdə yaxındır. Yəni BRICS Azərbaycanın strateji inkişaf istiqamətlərinə uyğundur. Eyni zamanda, bu ölkələrin sürətlə inkişaf etməsi və Azərbaycanla əməkdaşlıqlarını şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün də xüsusi əhəmiyyət kəsb edir".

"Görünən odur ki, BRICS ölkələri hazırda dolların dominantlığına qarşı vahid valyuta sisteminin formalaşdırılması, qarşılıqlı ticarətdə ölkələrin öz valyutalarından istifadə imkanları və alternativ ödəniş sistemlərinin yaradılması istiqamətində fəaliyyətlərini qururlar. Yəni bu ölkələr birgə fəaliyyət istiqamətini özündə ehtiva edən layihələrin maliyyələşdirilməsi üçün fondların formalaşdırılması və ticarətin genişləndirilməsi üçün maneələrin aradan qaldırılması istiqamətinə fokuslanıblar. Azərbaycan üçün də bu məqamların hər biri maraqlı və önəmlidir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib