Məktəbli formalarına niyə alıcı tapılmır?

5
Sen
01:36
thumb_down 0

Dərs ilinin başlaması ilə əlaqədar valideynlər əl-ayağa düşür, məktəb ləvazimatları, geyim dükanlarında izdiham yaradırlar. Bu izdihamın ən çox hiss olunduğu yer isə məktəbli formalarının istehsalı və satışı ilə məşğul olan Bakı Tikiş Evidir.

Ötən illərdə müəssisədə valideyn və məktəbli övladlarının yaratdığı sıxlıq bu ildə müşahidə olunurmu? Nə qədər məktəbli forması satılıb?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib ki, məktəbli forması alanların sayı çox azdır:

"Bizim Bakıda 11 mağazamız var, ondan çox da rayonlardadır. Satış 10 dəfə azdır. Valideynlər tək-tək gəlirlər, heç bir ajiotaj yoxdur. Birinci il qərar gec verildiyi üçün çox istehsal etməyə imkan olmamışdı. Amma iki və üçüncü ildə nə qədər lazımdır istehsal olunub. Bu il 100 mindən çox məktəbli forması istehsal etmişik. Dərs başlayandan sonra dəqiq nə qədər satıldığını demək mümkün olacaq, hələ ki 10-15 faizi ancaq satılıb".

O hesab edir ki, satışın azalmasına səbəb saxta geyimlərin hazırlanmasıdır:

"Bütün respublika saxta məktəbli formaları ilə doludur. Hamı gedib 5-6 manatlıq formalar alır. Saxta məktəbli formaları insan bədəninə ziyandır. İnsanların bunu niyə başa düşmədiyini anlamıram. Biz hətta qiymətləri də endirdik ki, camaat keyfiyyətli geyim alsın. Ancaq bu da təsir etmədi. Əvvəl polo köynəyin qiyməti 15 manat idi, indi 12 manata endirmişik. Saxta köynəklər də 9 manatdır, aralarında cəmi 3 manat fərq var. Şalvar və ətəklər də 25 manatdan 20 manata endirilib. Hamısının qiymətində 20 faiz ucuzlaşma olub".