Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

6
Sen
18:36
thumb_down 0

Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb.

Əldə olunan məlumata görə, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb.

Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakupost.az-a verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və 61 yaşlı şəxsə (qadın cinsli) qan təzyiqi ilə əlaqədar yerində yardım göstərilib".

Məktəblə əlaqə saxlanılsa da, zənglərə cavab verən olmayıb.

Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı.