Ölkə olaraq çətin dönəmlərdən keçirik. Hər addımda bir problem çıxırsa onun günahını özümüzdə yox, dövlətdə axtarmağa çalışırıq. Bu “düşünən beyinlərin” problemlərimizin həlli üçün vaxt xərcləməkdənsə, öz mənafelərinin, yaşam ortamlarının yaxşılaşdırılması uğrunda mübarizə aparmaqlarının verdiyi nəticədir. Demək ki, ölkəcə kimə necə sərf edir, öz arşınına uyğun da ölçü götürür. Dərd ağır, camaat çarəsiz, dövlət də mat halında...
Dərd-dərd də deyirəmeee, heç bu dərdi paylaşmağa cəhd etmədim axı... Dərdimi paylaşım bəlkə azala...
QHT – Qeyri Hökümət Təşkilatları. Bəli, bu dərdin xəstəliyinin adı QHT-lərdir. İşlərinin mahiyyəti fərqlidir, amma güddükləri mənfəət eyni. Hər yerindən duran bir QHT açır, gedir oturur dövlətin qapısında ki, bəs “salaməleyküm”, məni maliyələşdir, üçdən beşdən ver. Hələ bir QHT adı ilə tutuzduran kimi nəsil nəcabətində məmə deyəndən pəpə deyənə hərənin adına bir QHT açır. Adlarıda ki, yüz oxusan başa düşməzsən. Gərək bir gün oturub təhlil edəsən ki, bu ad ilə bu “vətənpərvər” nə demək istəyir. Oxşar adlarla tez-tez qarşılaşırıq. Baxanda ki, düşündüyü adda QHT var, yanına yunan, fars, ərəb, rus dillərində yüz cür calaq edib, bir “gecəqonduya” oxşar ad tapıb adını QHT qoyur, hələ təqdimetmə də keçirir. Əvvəl adını tanıtmağa pul xərcləyir, sonra da zəli kimi yapışır dövlətin boğazından. Elə bil kimsə buna xahiş minnət edib ki, sən allah boş oturma dur bir QHT aç.
Çox danlayıb ruhdan salmayım. Bir az da keçim QHT-lər necə maliyyələşir ondan danışım.
Deməli, ildə bir dəfə qrand almaqla guya ki, maliyyələşən QHT-lər özləridə ayda bir, iki ayda bir on nəfərlik masa ətrafı tədbir edir, hələ bir-iki xam adamda tapıb, sponsor kimi onları da soyurlar. Tədbir də ki, köhnə hamam, köhnə tas – FATI QALX, FATI OTUR.
Üç cür qrandları var bunların. Kiçiyi 15, ortası 30, böyüyü 50 min manat. Bax buna deyərəm işbazlar. Dövlət bunları abıra salmaq üçün dəstək verir, QHT-lərdə 10-15 dəqiqəlik sənədli filmfason bir rolik düzəldir, yığır dost-tanışı təqdim edir. Vəssalam, şüt tamam! Alır pulu dədə malı kimi yeyir xımır-xımır... Nuş olsun ay QHT rəhbərləri. Sizi bir yaxşıca yaxanızdan tutub silkələyən lazımdır. Az qala təzə doğulan körpədən tutmuş, saxladığınız ev heyvanların adına da bir təşkilat açasınız. Bir az insaflı olun. Bir dənə dost məsləhəti verirəm: DAY BELƏ DƏ YOX DA..!
Müəllif: Baş redaktor SONA İNTİZAR