Bakıda kişi tanışını salam vermədiyi üçün öldürmək istədi

25
Sen
00:35
thumb_down 0

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona hansı səbəbə görə yanından keçən zaman görüb salam verməməsinə dair irad bildirib.

Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər.

Lakin sonradan Bəhrəm İbayev qohumunun vəfat etməsi səbəbindən iki aylıq Göyçay rayonuna getməli olub.

Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istəməsi, saymamazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidib

İttiham aktında göstərilib ki, o, bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Belə ki, Bəhrəm iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən obyektə gedən zaman təsadüfən Natiq Hüseynovu orda görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında Sabunçu Rayon Xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.