Son zamanlar məktəblilərin davranış qaydalarında ciddi şəkildə pozuntuların olduğu müşahidə edilir. Bir sıra şagird istər müəllim, istərsə də sinif yoldaşları ilə yola getmir, nəticədə xoşagəlməz hadisələr yaşanır.
Hətta onu da qeyd etmək olar ki, şagirdlərin törətdikləri cinayət hadisələrinin sayı get-gedə çoxalır.
Bu kimi halların qarşısını almaq üçün nələr edilməlidir?
Təhsil üzrə mütəxəssis İlqar Orucovun AzEdu.az-a verdiyi açıqlamada sosial şəbəkələrdə və mətbuatda məktəbdə davranış qaydalarının pozulmasına dair görüntülərin narahat edici olduğunu vurğulayıb.
“Bu cür hallar, məktəb mühitinə zidd olan davranışlardır. Məktəb təhsilin subyektləri, yəni müəllim-şagird, müəllim-valideyn, şagird-şagird, müəllim-müəllim münasibətləri müvafiq qaydalar çərçivəsində tənzimlənir. Son illərdə bu qaydaların sərtləşməsi ilə bağlı müzakirələr artmaqdadır. Təhsil ekspertləri və mütəxəssislər bu məsələyə diqqət çəkirlər.
Bu cür xoşagəlməz davranışlar əvvəllər də mövcud olub, lakin son dövrlərdə sayı artmaqdadır. Sosial şəbəkələrdə bu halların paylaşılması, bəzən onların yanlış şəkildə təbliğinə səbəb olur ki, bu da məktəb nüfuzuna xələl gətirir və təhsilin əsas prinsipləri ilə uyğun gəlmir. Bu vəziyyət məktəbdəki mühitin sağlamlığına ciddi şəkildə təsir edir. Paylaşanlar heç özlərinin belə fərqində olmadan hadisəni təbliğ etdiklərindən xəbərsizdirlər”.
İ.Orucov bildirib ki, ömründə bir kitab oxumayan valideynin müəllimi təhqir etməsi yolverilməzdir:
“Məktəb mühiti ictimai mühit olmaqla cəmiyyətdəki Məktəb mühiti, ictimai mühit olmaqla, cəmiyyətdəki davranışları da ifadə edir. Əslində, bu, cəmiyyətin problemidir, məktəbin deyil. Müəllimin şagirdə qarşı aqressiya nümayiş etdirməsi məktəb mühitindəki çatışmazlıq kimi qələmə alınsa da, unutmaq olmaz ki, müəllim və şagird hər ikisi bu cəmiyyətin bir parçasıdır. Son illərdə aqressiya halları artıb və bunu insanların davranışlarında müşahidə etmək mümkündür.
Cəmiyyətimizdə davranış qaydalarının təbliği istiqamətində çox az iş görülür. İnsanlarımızın kitab oxumaq və mütaliə etmə vərdişi zəifdir. Nümünəvi valideynlərin sayı da azdır və onlar tərbiyə metodlarının tətbiqi ilə bağlı biliklərə malik deyillər.
Nümünəvi ailələrdən olan şagirdlər bəzən aqressiv davranış nümayiş etdirən uşaqların hədəfinə çevrilir. Bu, ailədən gələn bir problemdir. Ömründə bir kitab oxumayan valideynin müəllimi təhqir etməsi yolverilməzdir və belə valideynlərin mütləq cəzası olmalıdır. Bəzən valideynlər övladlarının hərəkətlərinə haqq qazandırır, çünki hər bir övlad öz ailəsinin güzgüsüdür. Ailəsində və ətrafında gördüyü davranışları məktəb mühitinə yansıdır”.
“Valideyn övladına bildirməlidir ki, müəllim müqəddəsdir və məktəb onun ikinci evidir”, - deyə həmsöhbətimiz qeyd edib:
“Məktəb davranış qaydalarının təkmilləşməsi zaman-zaman vacibdir və maarifləndirmə bu yolda ən düzgün addımdır. Son illərdə insanlar arasında soyuqluq və kobudluq müşahidə olunur. Azərbaycanın gözəl dəyərləri və ənənələri var, lakin son dövrlərdə bunlar sıradan çıxmağa başlayıb. Bir çox ailə, sadəcə dünyaya uşaq gətirmək və onlara yemək, geyim verməklə öz vəzifəsini yerinə yetirmiş hesab edir.
Ailənin borcu, cəmiyyətə sağlam, tərbiyyəli və nümunəvi övladlar yetişdirməkdir. Cəmiyyətin bu nizamı itirilib və bu, məktəb mühitinə də təsir edir. Müəllim nüfuzunun artırılması vacibdir, amma müəllimlərin də davranışlarında xətalar ola bilər, bu, istisna deyil. Müəllimə hörmət, müəllimin cəmiyyətdəki yeri, valideynlərin münasibətindən asılıdır.
Mən məktəbdə oxuduğum dövrü xatırlayıram. O zaman biz müəllimlərimizi ikinci valideynlərimiz kimi qəbul edirdik. Davranış problemi olan uşaqlar, evdə atadan və anadan aqressiya görən, normal münasibət yaşamayan, şiddətə məruz qalan uşaqlardır. Bu uşaqlar, həmin şiddəti öz həmyaşıdlarına, bəzən isə müəllimlərinə qarşı yönəldirlər. Bu hadisələrin günahı isə valideynlərə aiddir. Valideyn övladına bildirməlidir ki, müəllim müqəddəsdir və məktəb onun ikinci evidir. Təəssüf ki, bu dəyərlər sıradan çıxmaqdadır.
Mən demirəm ki, bütün müəllimlər idealdır. Onların arasında düzgün olmayanlar da var. Zamanla bu problemlər düzələcək, amma cəmiyyətimizi düzəltmək istəyiriksə, ailələrimizdən başlamalıyıq. Maarifləndirməyə ciddi önəm verməliyik. Maarifləndirici televiziya proqramları olmalıdır. Hazırda əksər televiziyalarda şou xarakterli və cəmiyyəti pozan verilişlər nümayiş etdirilir. Bu cür verilişlərin izləyiciləri kifayət qədərdir.
Televiziyalar öz fəaliyyətlərinə düzən verməlidir və maarifləndirmə sahəsində böyük bir missiyaları olduğunu anlamalıdırlar. Bu missiyanı doğru yerinə yetirsələr, cəmiyyətə də müsbət təsir göstərə bilərlər. İnformasiya texnologiyalarından düzgün istifadə olunmaması da uşaqların tərbiyyəsini poza bilər. Buna görə də valideynlər diqqətli olmalıdırlar. Onlar övladlarının tərbiyəsi ilə doğrudan da məşğul olmalı və cəmiyyət, dövlət qarşısında valideynlik vəzifəsini düzgün başa düşməlidirlər”.