"COP 29 çərçivəsində ilk dəfə olaraq qlobal əhəmiyyətə malik PISA (Programme for International Student Assessment) beynəlxalq qiymətləndirmə tədqiqatlarında ətraf mühitdə savadlılığın ölçülməsi üçün təşəbbüs təklif olunub".
seher.media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi olaraq bir neçə istiqaməti əhatə edirlər:
"Bunlardan birincisi bu gün olan tədbirdir. Digəri isə böyük əhəmiyyətə malik, COP29-un çox vacib mirasına çevriləcək PISA beynəlxalq qiymətləndirmə layihəsinə ilk dəfə olaraq ətraf mühit savadlılığı qiymətləndirmə çərçivəsinin təklif edilməsidir. Noyabrın 18-də Azərbaycanda keçiriləcək təhsil nazirlərinin iqlim çərçivəsi görüşündə oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, ətraf mühit savadlılığının ölçülməsi əlavə dəyər yarada biləcək təşəbbüsdür. Bu mənada insan davranışının dəyişməsi istiqamətindəki təşəbbüsdə iştirakdan qürur duyuruq".
E.Əmrullayev vurğulayıb ki, bu tədbir Azərbaycanda ətraf mühitlə bağlı şagirdlərin mövqeyinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, festival 24-25 oktyabr tarixlərində keçiriləcək.
İki gün davam edəcək festivalda iştirakçılar, həmçinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.
Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM-əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar STEAM-əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.
Aygün Mirakif