Vətən müharibəsinin xronikası: 26 oktyabr

26
Okt
16:53
thumb_down 0

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

26 oktyabr - müharibənin 30-cu günü

• Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev xalqa müraciət edib.

• Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

• Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri vurulub.

• Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimini kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərindəki bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutub. Düşmən, həmçinin “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərinə atəş açıb. Ümumilikdə oktyabrın 26-da Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. 

• Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan PadarXanlıq kəndlərinin və Qubadlı şəhərinin videogörüntülərini paylaşıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Kiçik çavuş Rahib Həşimov döyüş tapşırığını layiqincə yerinə yetirərək düşmənin bir neçə artilleriya qurğusunu məhv edib.

• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Tərtər rayonunun Qazyan və Ağdam rayonunun Qaradağlı kəndlərində çəkilişlər aparıb, kənd sakinləri ilə həmsöhbət olublar.