Bu zamanədə kimi qınayasan ki, ondan nəticə çıxarıb özünə çəki-düzən verə bilsin?! Nə alimində alimlik qalıb, nə də təlxəyində təlxəklik... Milli dəyərlər bir yana qalsın, öz əxlaqlarını ucuza çıxarır bəzi üzdən iraqlar. Nə yedi, nə içdi bu ölkənin vətəndaşları ki, genefondumuz bu qədər zədələndi?
Televizoru açırsan efirdə, sosial şəbəkəni izləyirsən trenddə, hansı platformanı ələkdən keçirirsən süzgəcin içində qalıb gözümüzə girməyə çalışır bu üzdən iraqlar. Az qalır ki, ölkəni tərk edib gedəsən ki, bunlarla real həyatda üz-üzə gəlməyəsən, yoxsa ki, xəta çıxar adamın əlindən durduq yerdə.
Baxırsan yarlı-yaraşıqlı oğlan uşağıdı, di gəl ki, homoseksuallığın çirkabında batır. Adam biraz fikirləşəndə, lap kinoda deyildiyi kimi : BU UŞAĞIN BÖYÜYÜB NƏ OLACAĞINI DÜŞÜNƏNDƏ, ADAMIN TÜKLƏRİ BİZ-BİZ OLUR.
Hərə əlində bir telefon. Şəhərə çıxırsan sanki zombiləşmiş cavan nəsil üstünə gəlir ətrafda baş verənlərdən xəbərsiz şəkildə. Giriblər telefonun ekranına ya oyun oynayırlar, ya da hansısa şəbəkədə canlı açıb ora-burasının ölçüsünü ictimailəşdirməkdən çəkinməyərək, hələ bir tənqid edənləri də təhqir edirlər.
Bu oğlanlarımızı cinsi azlığa meyilləndirməklə gələcəyimizin məhvinə hesablanmış, düşünülmüş siyasətdir məncə. Ya qida ilə, ya da bu cür təbliğatla Azərbaycanın İGİDLƏR OYLAĞI olmasının qarşısını alırlar. Bütün dünyaya 44 günlük Vətən müharibəsində səs salmağı bacaran, lərzəyə salan, özünün Yeni Tarixini qızıl hərflərlə yazan və ZƏFƏRİ ilə dünya liderlərini silkələməyi bacaran oğullarımızı bu üzdən iraqların reklamı ilə nüfüzdan salmağa çalışırlar.
Qadın qızlar isə daha çox yüngül həyat tərzinə meyillənirlər. Asan yolla pul qazanmaq, maddiyyat qarşılığında bədənlərini satmaq və ya canlı açıb ağzına gələni danışaraq mədəni yolla dilənçilik etmək sevdasındadırlar. İtə atanda yeyilməyən namusunu, məhrəmiyyətini bütün çılpaqlığı ilə dilinə gətirdiyi sözlərlə ifadə edənlərin zəmanəsinə gəlib çıxdıq. Harasa gedəndə baxırsan ki, açılışına çağırıldığın məkanın lentini də kəsən belə yüngül əxlaqlılardır. Çevrilib gedəndə də dəvət edən ev sahibi ilə olursan düşmən. Deyirsən ki, a zalım balası beləsini niyə xeyrinə şərinə çağırırsan? Deyir ki, kütlə onu izləyir. Bax onda dərindən ah çəkib, içində gizlətdiyin nifrət ilə birlikdə boğazında düyünlənən hiddəti tüpürürsən...
Mübarizə aparmağın yollarını düşünüb tapmaq istəyəndə məcburi girib belələrinin yaşayış tərzlərinə müəyyən qədər vaxt sərf etmək lazım olur. Əfsuslar olsun ki, ucuz mexanizimlərdən istifadə edərək, həssas insanların şüuraltına yeridilən düşüncə tərzi bu milləti məhvə aparır.
Efirə baxan istər rayon, istər paytaxt və ətraf şəhırlərdən olan qız-gəlinlər soyunan “xalq artistlərini” artıq normal hal kimi qarşılayır, bir müddət sonra isə evdə o yaşayış tərzinə qarşı çıxan qardaş-ata-ərə qarşı üz çevirib gedirlər üzü yüngül həyata doğru. Sonra da çıxıb efirə “azadlığını” qeyd edir. Ya xınayaxdılarda “TANRI MƏNİ QUŞ EYLƏ” hakışdasını deyir, ya da “YANIMA GƏL ALTI-BAZAR” kimi mahnıların mahir ifaçısına çevrilir. Nəsildə də bir başıpapaqlı tapılıb gəlib boğazını üzəndə isə gedir ömrünü çürüdür dörd divarda. Qalır bığ-saqqal arasında...
Oğlanlar da ki, geyliyə meyl edirlər. Sığallanıb, tumarlanıb açır canlı efiri, deyir ki, “AY BACI, ALLAH DA MƏNİ BELƏ YARADIB DA, PAXIL OLMAYIN”. Baxırsan ki, dodaq, qaş, göz, dırnaq, sinə də öz yerində. Cinsini dəyişməyi adi hala çevirən bu bədbaxt məxluqlar bir da ədəb-ərkandan məsləhət verir, bir az da ucadan səsini qaldırıb hin xoruzu kimi banlayır ki, “AY CAMAAT QOYMAYIN, MƏNƏ SÖYÜŞ SÖYÜRLƏR”. Elə bil ki, bu nəsə təqdirə layiq addım atıb, camaat qanmazlığdan gəlib bunu söyür. Əxlaqsızlığı, namussuzluğu, biqeyrətliyi boyunlarına yük kimi götürüb gedirlər, harda qırılar qırılsın deyə...
Məhvə doğru gedən sürü təfəkkürlü məxluqlara tövlənin qapısının sosial platformada olmadığını biri çıxıb izah etsin, bəlkə ayılar bu cahil millət yuxudan. Nə ilahiyyatçısı bunu qanımızdan çıxara bilmir, nə siyasətçisi...
Adını ilahiyyatçı qoyanlar da indi sevgidən aforizmlər deyir, məclislərdə özlərinə sərf edəndə mahnı da oxuyur, lap istəsə yası da badalaq gələ-gələ aparır. Təki pul gələn bulağın gözü tutulmasın...
Hər şey əlçatan oldu bu son zamanlarda. Adiləşən həyatın artıq heç kim üçün marağı qalmayıb. Bir o qalıb ki, məzar daşına da WI-FI bağlayıb, içəridəki ölü ilə canlı debat etsinlər. “ 3D məzar daşları” bizim ölkənin maksimum İQ-sü və müasirlik zirvəsidir. Digər ölkələr aya piyada yol çəkir eee, a zalım balası. Biz hələ nəqliyyat mədəniyyətini öyrənə bilməmişik.
Yazdıqca, danışdıqca yatmış milləti oyatmaq olmur. Bizə deyəsən Allahın tərs şilləsi lazımdı. Vura şilləni, zingildədə qulağımızı ki, “AYIL CAHİL!”.
Ölkə olaraq ağır günlər yaşayırıq, kiminsə ya da nəyinsə “AH”-ı tutub bizi. Allah da bağışlasın, deyəsən müşküldəyik. Bizə bərk bəddua ediblər ki, “KÖKÜNÜZ KƏSİLSİN”.
SONA İNTİZAR/BAKI