İraq Kürdüstanının nümayəndəsi: "Azərbaycana birbaşa uçuşlar gözəl olardı"

13
Noy
15:35
thumb_down 0

"COP29 çox möhtəşəm təşkil olunub, hər şey əladır - qeydiyyat üçün müraciət, viza, hər şey çox rəvan keçdi. Hava limanına çatmaq, burada qeydiyyatdan keçmək və düzünü desəm, stadionun konqres mərkəzinə çevrilməsi heyrətamizdir. Ətrafda gəzmək, insanlarla tanış olmaq çox asan olub və deməliyəm ki, biz Azərbaycan qonaqpərvərliyini, həqiqətən, yüksək qiymətləndiririk".

Bunu seher.media-a açıqlamasında BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan İraqın Kürdüstan bölgəsinin baş nazirinin xarici əlaqələr və iqlim dəyişikliyi üzrə müşaviri Sami Abdul Rahman deyib.

S.Rahman gələcəkdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsi ilə bağlı da danışıb:

"Düşünürəm ki, ilk növbədə müntəzəm birbaşa aviareyslər təşkil olunsa, əla olar. Azərbaycan və İraq bir-birindən çox da uzaqda deyil. Amma buraya gəlmək üçün ya Qətərə, ya İstanbula, ya da başqa yerə uçmalı oluruq. Yəni bizim üçün bu, bir günlük səfərə çevrildi, halbuki, yol bir-iki saat çəkə bilərdi. Ona görə də düşünürəm ki, birbaşa uçuşlar gözəl olardı. Bu, turizmi, biznesi inkişaf etdirəcək, insanlar arasında əlaqələri möhkəmləndirəcək.

Bundan əlavə, düşünürəm ki, ticarət də həmişə körpülər qurmaq üçün çox yaxşı bir yoldur. Azərbaycan isə çox gözəl ölkədir. Düşünürəm ki, İraqın Kürdüstan regionu və Azərbaycan arasında ticarəti, əlaqələri artırmağın bir çox yolu var".

Məhərrəm Əliyev