“BİT BAZARINA” ÇEVRİLƏN XIRDALAN ŞƏHƏRİ

14
Noy
15:44
thumb_down 0

SƏHƏR.MEDİA xəbər portalının əməkdaşları tərəfindən lentə alınan görüntülərdən də aydın görünür ki, bu adı şəhər, özü isə ucqar dağ kəndi həyatını xatırladan Xırdalandır.

Deməli, hansı tərəfdən baxsan ağıla sığmayan bu meşə qanunları ilə idarə olunan Xırdalanın küçələri bit bazarını kölgədə qoyur. Mağaza sahibləri tərəfindən zəbt olunan bu meydan 90-cı illərin çadırlı günlərini xatırladır. Küçə boyu pərakəndə şəkildə səpələnmiş geyim, qida və qeyri-qida məhsulları sakinlərin piyada yolunu kəsir, vətəndaş səkidən istifadə edə bilmir, nəticədə çıxırlar maşın yoluna və bu da qəza şəraitini qaçılmaz edir. Hansı yüksək keyfiyyətin göstəricisidir küçədə açıq şəkildə satılan ağartı məhsulları və ya kolbasa çeşidləri?! Azmı zəhərlənmə halı ilə üzləşdik? Qidanın, insan üçün əhəmiyyətli olan yaşam meyarını niyə Xırdalan küçələrində bu cür anti-sanitar qaydada əldə edirik? Başqa vaxt mağazalarda adi qoxu səbəbindən gedib əl-qol ölçən Qida Təhlükəsizlik Agentliyi əməkdaşları Xırdalana hava yolu ilə gəlirlər, yoxsa "hörmətlə" qarşılanırlar deyə gözüyumulu keçirlər bu yollardan?!

Ümid edirik ki, bu qədər real görüntüdən sonra bir az da olsa vicdan damarları sızlayar və gəlib yoxlama keçirib ölçü götürərlər bu Xırdalanın küçələrində anti-sanitar qaydada satılan qida məhsulları haqqında.

SƏHƏR.MEDİA xəbər portalı olaraq Qida Təhlükəsizlik Agentliyi əməkdaşlarının nəzərinə onu da çatdıraq ki, yaxınlıqda ucu bucağı olmayan böyük bazar var, hansı ki, piştaxtaları ağzı günə qalıb.

Həmçinin onu da qeyd edək ki, aidiyatı qurumların tədbir görməsindən öncə, elə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cənabları başçılıq etdiyi şəhərin bu halına acıyar, bir çarə tapar, camaatın küçələrdən yığılıb bazara köçürülməsinə dair uyğun bir addım atar. Nə də olmasa Xırdalan şəhərdir axı...

Sözügedən görüntüləri təqdim edirik :