İngiltərə millisinin kapitanı Harri Keynin heykəli hazırlanıb.
seher.media xəbər verir ki, bir neçə il əvvəl sifariş verilən sənət əsəri tamamlanaraq ictimaiyyətə təqdim edilib.
Şimali Londondakı Uoltham Forest bələdiyyəsi 2019-2020-ci illərdə heykəlin hazırlanması üçün 7 200 funt-sterlinq xərcləsə də, ona daimi yer tapılmayıb. Ölkənin ən çox qol vuran futbolçusunun skamyada, dizinin üstündə topla oturan vəziyyətdə təsvir olunmuş heykəli hazırda Londondakı Uoltamstoudakı "Peter May" İdman Mərkəzində yerləşdirilib.
Açılış mərasimi üçün heykəlin yerləşdiyi əraziyə gələn 31 yaşlı hücumçu sosial şəbəkə hesabında onunla birlikdə şəklini paylaşıb və bunun qürurverici an olduğunu yazıb.
Qeyd edək ki, H.Keyn Millətlər Liqasının V turunda İrlandiyanı 5:0 hesabı ilə məğlub etdikləri görüşün 53-cü dəqiqəsində penaltidən fərqlənib.