Kosmik hava durumu ilə bağlı XƏBƏRDARLIQ: Qasırğa gözlənilir

7
Noy
22:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, günəşin səthində ləkələrin sayı artıb, beş ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv tac dəliyi müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir. Kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.

Noyabrın 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə beş faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

Geomaqnit sahəsinin noyabrın 8 və 9-da fəallığını saxlayacağı və daha sonra normala dönməsi proqnozlaşdırılır.