Əməkdar müəllim Ənvər Abbasov: "Məktəb-şagird-valideyn üçbücağını düzgün qura bilməmişik"

5
Okt
22:35
thumb_down 0

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. "Məktəbdə" layihəsi yeni tədris ilində ilk qonağını - 50 ildən çox pedaqoji təcrübəyə malik, orta məktəbdən tutmuş ali məktəb auditoriyasına qədər pedaqoji işi həyatının mənasına çevirən, Bakı Slavyan Universitetinin prorektoru, Əməkdar müəllim Ənvər Abbasovu məktəblilərlə görüşdürüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Kaspi" qəzetinin informasiya dəstəyi ilə reallaşdırdığı layihə paytaxtın 44 nömrəli tam orta məktəbində baş tutub.

"Kaspi" qəzetinin görüşə dair yazısını təqdim edirik:

Yeni məktəbin nümayəndələri

"Müəllim olmaq çox çətindir. Mən orta məktəbdə Ana dili və ədəbiyyat müəllimi işləmişəm. Kimya müəllimi də ola bilərdim. Amma hansısa ixtisas sahibi olmaq üçün insanın daxilində bir tərpəniş olmalıdır ki, səni ona sövq eləsin. Bu sevginin yaranmasında müəllimlərimin böyük zəhməti olub. Müəllim kimi auditoriyada uşaqlarla təmasda olmaqdan gözəl heç nə yoxdur. Çünki uşaqların mənəviyyatı çox dərindir, onlara həm öyrədir, həm də özün öyrənirsən", - deyə qonaq görüşünə müəllimlik sənətinə olan sevgisindən başladı: "Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Mən müəllimlik fəaliyyətimdə təhsil sahəsində sistemli araşdırmalar aparmağa çalışmışam". Pedaqoq məktəbdə görüşün ona nostalji hisslər yaşatdığını dedi: "Bu görüş məni keçmişə apardı. Sizə baxıb "mən də nə vaxtsa belə olmuşam", - deyə düşünürəm. Amma mən sizin kimi gözəl məktəbdə oxumamışam. Kənd məktəbində, kiçik, darısqal sinif otağında təhsil almışam. Sonra 10-11-ci sinifləri başqa məktəbdə davam etdirmişəm. Amma siz yeni dövrdə, müasir məktəblərdə oxuyursunuz. Siz bir xəzinəsiniz. Amma sizə həsəd aparmıram. Sizə xoşbəxtlik və sağlamlıq arzulayıram!".

Pedaqoq bildirdi ki, ən vacib bilik və bacarıqların əsası orta ümumtəhsil məktəbində qoyulur. Kim bu biliklərə yiyələnməsə, gələcək həyatında çətinlik çəkir: "Siz indi ömrün ən vacib mərhələsində iştirak edirsiniz. Azərbaycanda müstəqil təhsil sistemi 90-cı illərin sonundan yaranmağa başlayıb. Bu gün Azərbaycanda təhsil islahatları gedir. Bu islahatlar qurub-yaratmağa, modernləşməyə hesablanıb. Ölkəmizdə yeni məktəb qurulur. Siz əslində o yeni məktəbin nümayəndələrisiniz. İşğalda olan torpaqlarımız azad olunub. İndi o torpaqlarda quruculuq işləri gedir. Bu işlər bizim xoşbəxtliyimizdir. Siz bu zamanın uşaqlarısınız. Bu gün Azərbaycan dünyanın hər yerində tanınır. Bununla fəxarət hissi keçiririk".

"İslahatlar da labüddür, qüsurları da"

Məktəblilərin qonağa ünvanlandığı suallar görüşün daha canlı olmasına yol açdı. Şagirdlərdən birinin "Ölkəmizdə Beynəlxalq Müəllimlər Günü qeyd edilir. Əsl müəllim necə olmalıdır?" sualına qonağın cavabı çox maraqlı oldu. O qeyd etdi ki, insan təbiət kimi olmalıdır: yağış yağır, ildırım, şimşək çaxır - tez keçir: "Müəllimin də hirsi elə keçməlidir. Müəllim şagirdi yetişdirir. O çalışmalıdır ki, bütün situasiyalara hazır olsun. Bu proses stressli ola bilər. Müəllimin daxili bütövlüyü olmalıdır".

Məktəblilərdən biri "Yeni təhsil islahatlarına toxundunuz. Amma hər müsbətdə bir mənfi olur. İslahatlarda sizi qane etməyən məqamlar hansılardır?" - deyə sual ünvanladı. Ə.Abbasov "aparılan bütün islahatlar yaxşılığa doğrudur. Bu prosesdə hansısa səhvə yol verərik, hansısa vasitəni hazırlayanda səriştəsiz ola bilərik, amma bu, bizi işimizdən çəkindirməməlidir. İslahat dəyişiklik deməkdir. Bu, cəmiyyəti gələcəyə hazırlayır. Xüsusən təhsil islahatlarını dayandırmaq olmaz. Biz özümüzü həmişə gələcəyə hazırlamalıyıq. İslahatlar da labüddür, qüsurları da. Amma bu qüsurları aradan qaldırmalıyıq".

Valideyn icmasının vacibliyi

"Gənclərin baxışlarından, həyat tərzlərindən nə qədər razısınız?" - deyə auditoriyadan ünvanlanan suala pedaqoq "mən gəncləri çox sevirəm" - deyə cavab verdi: "Bəzən mənə deyirlər ki, çox humanistsən. Biz uşaqlarımızla yumşaq danışmalıyıq, onların əsəbləri üzərində addımlamamalıyıq. Biz uşaqları sevməliyik. Auditoriyaya hansı məhəbbəti versən, qarşılığında onu da alacaqsan. Azərbaycan təhsili də humanistdir. Hansısa müəllim ola bilər sərt davransın, amma onu da həlim qəbul edin. Humanistlik bizim təhsil sisteminin özülündə dayanır".

"Uşaqlarda internet mədəniyyətini formalaşdırmalıyıq"

"Müasir dövr internet, rəqəmsal texnologiyalar, sosial şəbəkələr dövrüdür. Siz sosiallaşmanın düzgün yolunu nədə görürsünüz?" sualına qonağın cavabı tövsiyə kimi səsləndi: "Sosiallaşma vacibdir. Biz sosial şəbəkələri bağlaya bilməyəcəyik, internet mədəniyyətini formalaşdırmalıyıq. Biz uşağı nədən qoruyuruqsa, ona doğru gedir. Uşaqlarımıza özləri haqqında qərar verməyi öyrətməliyik. Məktəb bu işdə böyük missiya daşıyır. Məktəb bu işdə ailə ilə birləşməlidir. Biz bu birliyi yarada bilməmişik, məktəb icması qura bilməmişik. Məktəb-şagird-valideyn üçbücağını düzgün qura bilməmişik. Valideynlərin problemi çoxdur - ev qayğısı, uşaq qayğısı var. Məktəb bütün yenilikləri valideynə deməlidir. Qoy o, bunu kənardan yox, məktəbin məsul şəxslərindən eşitsin. Bu valideyn icmasının formalaşmasına gətirib çıxaracaq. Valideynlər məktəbin fəal iştirakçısına çevrilməli, məktəbin quruculuğunda iştirak etməlidirlər. Xarici ölkələrdə bu təcrübə geniş yayılıb".

"Son vaxtlar müəllim nüfuzunu artırmaq haqqında çox danışılır. Müəllim nüfuzunu yüksəltmək üçün hansı addımlar atılmalıdır?" sualına da Ə.Abbasovun cavabl maraqlı oldu: "Müəllimlərin hazırlığı yüksək olmalıdır. İndiki şagirdlər 20-30 il əvvəlin uşaqları deyil. Onlar rəqəmsal dövrün uşaqlarıdır. İndi uşaqlar tədqiqatyönümlüdür. Onlar sinfə müəllimin mövzusuna hazır gəlirlər. Ona görə müəllim onlara bilgi vermək üçün ayrı bir texnologiya seçməlidir".