Alimi avtomobili ilə vuraraq öldürən Azər Maqsudovu hansı cəza gözləyir? - FOTO

16
Noy
16:18
thumb_down 1
2591
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin müdiri Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə törədib.

Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksəksürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Acaloğlu Türkiyədə yaşayırdı. O, türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi olub.

Bəs hadisəni törədən A.Maqsudovu hansı cəza gözləyir?

Hüquqşünas Cavid Babayev seher.media-a açıqlamasında bildirib ki, belə hadisələr əksər hallarda nəqliyyat vasitəsini idarə edən şəxsin “Yol hərəkəti haqqında” Qanunun tələblərini kobud şəkildə pozduğu hallarda və ya piyadaların müəyyən olunmayan yerlərdən yolu keçməsi nəticəsində baş verir:

“Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yeri müayinə edilir.

Eyni zamanda, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücünün sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələbini pozması, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarda nəzərə alınır”.

Hüquqşünas qeyd edib ki, mövcud Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Xüsusi olaraq vurğulamaq lazımdır ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

Şərti məhkumetmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir”.

İlhamə Əbülfət