Arvadını öldürən üç uşaq atası: “Onu əvvəl boğmağa başladım”

22
Noy
01:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevin məhkəmə ifadəsi məlum olub.

Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Zöhrab Quliyev ifadəsində göstərib ki, 2004-cü il tarixdə zərərçəkmiş, Sevinc Quliyeva ilə evlənib. Həmin evlilikdən üç övladları olub. O deyib ki, son vaxtlar Sevinc açıq-saçıq geyinib və küçəyə də bu formada çıxıb:

“Ona bu cür geyinməməsi barədə irad tutsam da, dinləmirdi. 2020-ci ildə Sevincdən boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Belə ki, Sevinc problemlər yaradır, öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, məni bir ər kimi saymırdı. Həyat yoldaşım barəmdə polisə şikayət edəcəyini, döyüldüyünü deyərək məni tutduracağını söyləyirdi. Buna görə də qorxub boşanma ərizəsini geri götürürdüm. 2022-ci ilin avqust ayında məhkəməyə müraciət etdim və bu dəfə ərizəni geri götürmədim. O vaxtdan məhkəmə mübahisəsi davam edirdi və Sevinclə mübahisələrimiz daha da şiddətlənmişdi. Sevinc yüksək səslə söyüşlə danışır, açıq-saçıq geyinməyə davam edirdi. Sonuncu dəfə 10 may 2023-cü il tarixdə, saat 9 radələrində yaşadığım Sabunçu qəsəbəsindəki evdə onun səsinə yuxudan oyandım. Sevinc yüksək səslə mənə və oğluma qarşı söyüşlər söyürdü və yüksək səslə qışqırırdı. Həmçinin həmin gün də arvadım açıq-saçıq geyinmişdi”.

Zöhrab Quliyev qətl hadisəsi barədə danışarkən deyib ki, əvvəlcə qadını boğub:

“Arvadıma yenə susmasını, təhqirlərə son verməsini istədim, lakin Sevinc yaxşı elədiyini bildirdi. Həmin vaxt saat 10 radələri idi. Onun əlində tozsoran vardı. Dəhlizdə Sevincin boğazından sağ əlimlə tutdum və arxası üstə onu yerə yıxdım. Hər iki əlimlə onun boğazından tutub sıxmağa başladım. Sevinc müqavimət göstərməyə çalışdı. Onun müqavimətini gördüyüm üçün bundan sonra dərhal mətbəxə getdim və oradan bıçağı götürüb dəhlizə qayıtdım. Sonra Sevincə bıçaq zərbələri vurdum. Sevinc arxası üstə halsız vəziyyətdə uzanıqlı idi. Bıçaq zərbələri vurarkən arvadım əvvəl müqavimət göstərsə də, sonradan səsi gəlmədi. Bundan sonra Sevincin öldüyünü anladım və bıçağı onun meyitinin yanına yerə qoydum, polisə gedərək təslim oldum. Orada törətdiyim əməli etiraf etdim. Özümü ona görə qismən təqsirli bilirəm ki, Sevinc məni onu öldürməyə məcbur etdi. Eyni zamanda arvadımın açıq-saçıq geyinməsi və təhqirli sözlər işlətməsi məni onu öldürməyə vadar etdi. Əməlimdən peşmanam”.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin qısqanclıq zəminində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanı qətlə yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. Z.Quliyev könüllü polisə təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.