Bu ilin yanvarında Nizami rayonunun Qara Qarayev prospektində yerləşən “8-ci kilometr” (“Vosmoy”) bazarında həyat yoldaşını qətlə yetirməyə cəhd etmiş şəxsin məhkəməsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 36 yaşlı Pənah Şükürov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə qısqanclıq zəminində baş verib. Bazarda satıcı işləyən arvadı, 1991-ci il təvəllüdlü A.Şükürovanı qısqanan şəxs onun iş yerinə gələrək qadına hücum edib. O, bazarda insanların gözü qarşısında arvadının boğazını kəsərək öldürməyə cəhd edib. Bu zaman arxası üstə yerə yıxılan qadın aktiv müqavimət göstərib dizlərini boğazına sıxaraq ərinin onu öldürməsinə imkan verməyib. Qadın diz, bud, sağrı və əl nahiyələrindən bir neçə xəsarət alıb.
Hadisə zamanı bazarda olan şəxslər dəmirlə Pənaha zərbələr endirərək onu çətinliklə arvadından uzaqlaşdırıblar.
Məhkəmənin hökmü ilə P.Şükürova 11 il 3 ay həbs cəzası verilib.