Paytaxtın mərkəzində yeni açılmış restoranda qəlyan çəkilməsi nəticəsində yaranan tüstü sakinlərin narahatlığına səbəb olub.
Bununla bağlı seher.media-a sakinlər özləri müraciət ediblər. Onlar qeyd ediblər ki, Səbail rayonu, Nizami küçəsi 66 ünvanında (Tarqovı) yeni açılmış “The Garden” adlı restoranın fəaliyyətindən narazıdırlar. Bina sakinləri restoranda əsasən qəlyandan istifadə olunduğunu, bu zaman yandırılan kömürün zəhəri tüstüsünün ətrafa yayıldığını bildirirlər. Ərazidə yaşayanlar tüstünün yaşlı, xəstə sakinlərə zərər yetirdiyini vurğulayıblar.
Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə (RİH) sorğu ünvanladıq. RİH-dən seher.media-a bildirib ki, Nizami küçəsi 66 ünvanında yaşayan sakinlər kollektiv surətdə quruma da müraciət ediblər:
“Sakinlər yaşadıqları binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində “The Garden” kimi fəaliyyət göstərən restoranda qaz balonlarından istifadə olunması və tütün məmulatlarından istifadə edilərkən mənzillərə iy-qoxunun yayılmasını bildiriblər…
Qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş tapşırıqlara əsasən aidiyyəti qurumların , sakinlərin və restoran icarədarının iştirakı ilə sözügedən ünvana yerində baxış keçirilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı qaz balonlarından istifadə olunması faktı aşkar edilməyib və bu barədə müvafiq akt tərtib olunub. Tütün məmulatlarından istifadə zamanı ətrafa yayılan iy-qoxu məsələsi ilə əlaqədar tərəfimizdən bir müddət əvvəl aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət olunub və restoran icarədarı ilə profilaktik söhbətlər aparılaraq tütün məmulatlarından istifadə olunmaması ilə bağlı müvafiq tövsiyələr verilib”.
Aysel Aslan