Vətəndaş Abşeron rayonu Saray qəsəbəsində tibbi xidmətin keyfiyyətindən narazıdır.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Məlumatda qeyd edilib ki, sözügedən ərazidə yaşayan sakin 36 dəqiqə təcili tibbi yardımın “103 - Çağrı Mərkəzi”nə zəng etməyə çalışıb. Operator isə onu gah Sumqayıta, gah da Xırdalana yönləndirib. Xırdalandakı nömrələrdən isə zənglərə cavab verən olmayıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsi Abşeron rayon inzibati ərazisinin əhalisinə xidmət göstərir. Sosial şəbəkədə yayılan məlumatla bağlı isə müvafiq araşdırmalara başlanılıb.
“Şöbəyə pasiyentlər birbaşa müraciət edə və ya təcili tibbi yardım briqadaları vasitəsilə çatdırıla bilərlər. “103” xidmətinin əhatə dairəsi geniş olduğu üçün Abşeron rayonundan edilən çağırışlar Bakı və Sumqayıta daxil olur, oradan isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin əlaqə nömrəsi vətəndaşlara təqdim edilir. Bu səbəbdən də çağırışlar gecikə bilir. Məlumat üçün bildirək ki, gün ərzində çağırışların sayı 120-130, mövsümi xəstəliklərlə bağlı isə 150-dən çox ola bilər. Bu səbəbdən də Abşeron rayon inzibati ərazisinin sakinlərinə çağırış verərkən (012) 342-28-11 nömrəsi ilə əlaqə saxlamalarını tövsiyə edirik”, - deyə TƏBİB-dən bildirilib.
Könül Cəfərli