Moldovadakı Azərbaycan diasporu Novruz bayramını qeyd edib - FOTO

24
Mar
21:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 23-də Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın ən mühüm milli bayramlarından biri olan, yazın gəlişini və yeni həyatın başlanğıcını simvolizə edən Novruz bayramı münasibətilə tədbir təşkil edib.

seher.media-ın Moldovaya ezam olunmuş müxbiri xəbər verir ki, Moldovadakı Azərbaycan diasporunun 500-dən çox nümayəndəsi, o cümlədən Dnestr çayının sol sahilindən gələn 100 qonaq, eləcə də ölkə rəsmiləri və digər diaspor təşkilatlarından gələn qonaqlar açıq havada “Kavkazskaya plennitsa” restoranının həyətində toplaşıblar.

Novruzun həmvətənlər arasında qeyd olunması Moldova Respublikasındakı Azərbaycan diasporunun xoş bir ənənəsidir. Moldova Azərbaycanlıları Konqresi hər il möhtəşəm şənlik təşkil edir. Burada təkcə ölkənin müxtəlif yerlərindən gələn Azərbaycan icmasının üzvləri deyil, Moldova Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, hökumət nümayəndələri və ictimai xadimlər fəxri qonaq qismində iştirak ediblər.

Builki bayram da istisna deyil. Burada ilk dəfə olaraq Azərbaycan Respublikasının Moldova Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev iştirak edib. Qonaqlar arasında həmçinin, Türkiyənin Moldova Respublikasındakı səfiri Uyqar Mustafa Sertel, Qazaxıstanın Moldovadakı səfirliyinin müşaviri Maken Mukaşev, Moldova Respublikası parlamentinin deputatı, Moldova və Azərbaycan arasında Dostluq Qrupunun sədri Vitaliye Jakot, Moldova Respublikası Parlamentinin deputatı və Moldova Respublikası Parlamentində Beynəlxalq Münasibətlər və Avropaya İnteqrasiya Komissiyasının sədri İnna Koşeru, Moldova Respublikası Parlamentinin deputatı və Moldova və Azərbaycan arasında Dostluq Qrupunun üzvü Mariya Panku, Moldova Respublikası Parlamentinin Beynəlxalq Əlaqələr və Avropaya İnteqrasiya Komissiyasının sədr müavini İon Qroza, Moldova Respublikası Prezidentinin Nazirlər Kabinetinin rəhbəri Adrian Belutsel, Moldova Respublikasının Energetika Nazirliyinin katibi Tatyana Krotik, Cüdo Federasiyasının prezidenti Andrey Qolban, Futbol Federasiyasının sədri Aleksandr Qolban, Kişineu meriyasının nümayəndələri, ictimai təşkilatların rəhbərləri və digər fəxri qonaqlar olublar.

Tədbiri giriş sözü ilə Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov açıb və tədbirin təşkilatçısı qismində bütün iştirakçıları salamlayıb.

“Moldova Azərbaycanlıları Konqresi üçün nəsillərin xələfliyini təmin etmək, övladlarımıza tarixi Vətənimizin adət-ənənələrinə və mənəvi dəyərlərinə məhəbbət hissini çatdırmaq çox vacibdir. Bu cür tədbirlər sözsüz ki, buna öz töhfəsini verir. Bu, xalqımızın dünənini, bu gününü və gələcəyini bərk-bərk birləşdirən, bizi - diaspor nümayəndələrini Azərbaycanla qırılmaz bağlarla birləşdirən bir ipdir”, - deyə Bayramov çıxışında qeyd edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Moldova Respublikası Parlamentinin deputatı və Moldova Respublikası Parlamentinin Beynəlxalq Əlaqələr və Avropaya İnteqrasiya Komissiyasının sədri İnna Koşeru, Moldova Respublikası Parlamentinin deputatı və Moldova və Azərbaycan arasında Dostluq Qrupunun sədri Vitaliye Jakot, həmçinin Azərbaycan icmasının ağsaqqalı, Moldova Azərbaycanlıları Konqresinin üzvü Maarif Rəhimov çıxış ediblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılara milli azərbaycan təamları, musiqisi və əyləncəsi ilə əsl şənlik təqdim olunub.

Moldova Azərbaycanlıları Konqresinin Kişineu və Benderdındən olan məktəb şagirdləri yaradıcı çıxışları ilə tədbirin qonaqlarını sevindiriblər. Uşaqlar bayramı xalq rəqsləri və mahnıları ilə bəzəyiblər.

Həmçinin bayram çərçivəsində Moldovadakı Azərbaycan icmasının üzvlərindən olan Məhəbbət İsmayılovun kitabının nəşri də elan edilib. Onun şeirlərdən birini Məhəbbət bəyin nəvəsi məclisdə toplaşanlara oxuyub. Tezliklə onun “Qarabağ həsrətimizin sonu” adlı poetik əsərlərindən ibarət toplusu işıq üzü görəcək.

Dünyanın sürətlə inkişaf etməsinə baxmayaraq, Novruz bayramı Azərbaycan xalqının kimliyinin ayrılmaz hissəsi, mənəvi irsinin əksi olaraq qalır. Bu bayram Yerin Günəş ətrafında tam dairə vurmasını və yeni ilin başlanğıcını simvolizə edən təbiətlə qırılmaz əlaqəni xatırlatmaqla yanaşı, həm də birlik hissinin inkişafına təkan verir. Biz Moldovadakı Azərbaycan icmasının tədbirində bir daha bunun şahidi olduq.