KÜÇƏ TİCARƏTİNİN AYAQ AÇDIĞI QALUBİYYƏ KÜÇƏSİ

17
Apr
11:55
thumb_down 0

Abşeron rayon, Xırdalan şəhərində küçə ticarəti artıq sakinləri də narahat edir. Redaksiyamıza daxil olan müraciətləri nəzərə alaraq biz də həmin ərazini öz gözlərimizlə görüb, hadisə yerindən görüntüləri işıqlandırmağı özümüzə peşə borcu bildik. Belə ki, sakinlərin rahat hərəkət etməsi üçün salınan səki qanunsuz küçə alverinin tacirləri tərəfindən zəbt olunub. Sakinlərin gediş gəlişinə mane olur, küçədə anti-sanitariya çox iyrənc görüntü yaradır.

Küçə ticarətinin ayaq açdığı bu yer Qalubiyyə küçəsi ərazisindədir. Halbuki küçənin yuxarı hissəsində böyük bazar yerləşir. Böyük bazarın hazırdakı vəziyyəti heç də qənaətbəxş deyil. Bazarın daxilində boş piştaxtalar olduğu halda, küçə ticarəti bütün səkini bağlayır və sakinlərin gediş gəlişinə maneə yaradır. Bazarın daxilində hissələrə ayrılmış piştaxtalar boş qalaraq anti-sanitariya ərazisinə çevrilib. Bazarın çöl hissəsində avtodayanacaq üçün ayrılan ərazi isə ticarətçilər tərəfindən zəbt olunub. Dayanacaq ərazisində yaradılan “bazar” üst hissədən küstar çadırlarla örtülüb. Nəticədə bazara gələn alıcılar öz avtomobillərini küçədə saxlamağa məcbur olur. Bu isə həm piyadaların həyatına təhlükə yaradır, həm də piyada üçün gediş gəlişi çətinləşdirir.

Məsələ ilə bağlı “SəhərMedia” xəbər portalı adından Abşeron rayonunun aidiyyatı qurumlarından xahiş edirik ki, əhalinin haqlı narazılığını nəzərə alaraq, qanunla qadağan olunmuş küçə ticarətinin qarşısını almaq üçün tədbir görülsün.

Abşeron rayon İcra hakimiyyətinə məsələ ilə bağlı sorğu göndərdik, lakin günlər keçməsinə baxmayaraq, sorğumuza cavab verilməyib.