Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva: “Qohum nikahlarla bağlı şüurlarda da inqilab olmalıdır”

19
Apr
10:08
thumb_down 0

Azərbaycanda qohumlar arasında nikahların sayı artır və bu, ciddi genetik fəsadlara səbəb olur. Məsələ burasındadır ki, qohum evliliklər övladlar üçün potensial sağlamlıq riski daşıyır. Belə nikahlar nəticəsində doğulan uşaqlar bir çox hallarda müxtəlif qan xəstəliklərinin daşıyıcısı, fiziki cəhətdən qüsurlu olur, əlilə çevirilirlər.

Yaranmış vəziyyət dövlətin bu sahəyə müdaxiləsini qaçılmaz edir. Bu baxımdan, ikinci və üçüncü dərəcəli qohumlar arasında nikahların bağlanması qanunvericiliklə qəti qadağan edilməlidir. Hazırda cəmiyyətdə bu istiqamətdə aparılan müzakirələr olduqca aktualdır və bu qadağa təklifi böyük dəstək qazanmaqla müvafiq qanunda öz əksini tapmalıdır. Əks halda, xalqımızın genefondu ciddi ziyana uğrayacaq.

Təbii ki, bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Əvvəllər cəmiyyətdə qohum nikahların fəsadları barədə daha az məlumat var idisə, bu gün belə deyil. Qohum nikahların cəzasını xəstə, əlil uşaqların çəkdiyinə dair çoxsaylı acı faktlar göz önündə olmasına baxmayaraq, yenə də əmi, xala, dayı, bibi uşaqlarının evlənməsi halları adi hal almaqdadır. Bu evlikliklər çox vaxt məhz valideynlər və qohumların təklifi və təkidi ilə baş tutur. Bununla da valideynlər öz övladlarını bilə-bilə bu “qohum nikahı” uçurumuna itələyirlər. Bu, şübhəsiz ki, onların iqtisadi maraqlarından, sərvətlərini qorumaq, “mal-mülküm kimə qalacaq” narahatlığından, həmçinin “tanıdığımız ailə” arqumentlərindən qaynaqlanır. İnsanlar düşünür ki, pul qazanırsa, onun var-dövləti yad qızına yox, öz qohumuna qismət olmalıdır. Bu, absurd yanaşmadır. Artıq cəmiyyət olaraq bu yanaşmalara son qoymalıyıq. Qanunda qadağa tətbiqi mütləqdir. Necə ki, bir çox ölkələr qohum nikahlarını qanunla qəti şəkildə qadağan ediblər, Azərbaycanda da bu addım atılmalıdır. Amma parallel olaraq belə düşünən, övladlarını evləndirmək istəyən yaxın qohumlara qarşı ictimai qınaq da güclənməlidir. Qohum nikahlara son qoymaq üçün şüurlarda inqilab olmalıdır. Yaxın qohum evlilikləri cahillikdir, avamlıqdır, savadsızlıqdır. Bu bəladan cəmiyyətimiz tez bir zamanda qurtulmalı, təmizlənməlidir. Kimlərinsə var-dövlətinin, pulunun, mülkünün gələcək nigarançılığının bədəlini günahsiz körpələr ödəməməlidir. Uşaqları bilə-bilə xəstə doğulmağa məhkum etmək cinayətdir! Araşdırmalar da təsdiq edir ki, əgər dünyada əlil doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində bu göstərici 9 faizdir. Həmin ailələrdə ölü və yarımçıq doğuşların sayı digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən xəstəliklərin isə qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik olduğu bildirilir. Qan xəstəlikləri arasında talassemiya, hemofiliya və başqaları daha çox yayılıb. Ona görə də, gələcək nəsillərin sağlamlığını qorumaq üçün ikinci və üçüncü dərəcəli qohumlar arasında nikahların qadağan olunmasını nəzərdə tutan qanunlar, sosial normalar tətbiq edilməlidir.