Rəngarəng tablolar - MƏNİ SƏNDƏ YARATSIN! - SONA İNTİZAR

13
May
20:44
thumb_down 0
497

Qələmimin sətirlərə düzdüyü sözlər qəlbimdən süzülür hər dəfəsində. Hər sətirdə bir arzu, hər vergülündə bir ümid, hər nöqtəsində bir xəyal... Soraqlasan ümman ağlayar sözlərin ağuşunda. Dindirməsən qayalara çırpınıb geri dönən ləpələr tək qayğısızdır düşüncələr. Bəlkələrə bürünüb samanlıqda iynə axtaracaq qədər, kaşkilərə sarılıb batanda saman cöpündən tutacaq qədər. Sonsuz səmada belə ay boylanar, günəş baxar, ulduz parlar... daha bitməyən nə çox olanlar var.

Qəlbimin hələ söz keçirə bilmədiyim guşəsində əsir qalmışam. Bəlkə sənə, bəlkə qəlbə, bəlkə də qələmə...

Yeganə qələmdir ki, “bəlkə”siz və “kaş ki”siz məni qəbullanır. Sən varsan qələmdən axan hərflərin muncuq kimi düzüldüyü söz böyunbağısında... Dolanır bəzən o “boyunbağı” boynuma, boğur məni ara sıra. Qırmağa əlim gəlmir, qırılmasına ürəyim əl vermir.

Durğunluq var indi, bomboz görürəm boylandığım hər yeri. Sənlə rəngarəng həyat düşünürdük oysaki. Mənim həyatımı varlığınla hər rəngə boyayırsan. Ya kobudluğun, ya sərtliyin, ya laqeydliyin qaralayar sevginlə boyadığın “həyat” adlı rəsm əsərini. Niyəsini bilmirəm, səni sorğu sualsız sevirəm.

Bir gün arada olan yersiz mübahisələrin fırçasız boz rəng çilədiyi tablomuza baxıb, boşuna itirdiyimiz hər saniyə üçün danlayacaylq öz özümüzü, sonra ağlayıb sarılacayıq bir birimizə...

Görəsən varmı həyatımızı tabloya cızdığımız fırçalarda dözüm? Bir az rənglərə batsın, bir az xoşbəxtlik çəksin, bir az məni səndə yaratsın...

13.05.2024/BAKI

SONA İNTİZAR