İşıqlının zülməti, qarşımızda sayrışan işıqlar...

2
İyl
16:54
thumb_down 0
11

Kubra Məhərrəmova yazır...

İşıqlı kəndinin adı heç birinizə heç nə deməyəcək. Uzağı axtarış sistemində sizə bu məlumatı verəcək: kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib, vəssalam.

Bu kəndin varlığı barədə şəxsən mən dörd il əvvəl, 2020-ci ildə, oktyabr ayında Füzuliyə gedəndə məlumat əldə etdim. Çünki o vaxtı həmin kəndin, yolu, izi olmayan ruhlar kəndinin içindən keçib getmişdim. Sanki zülmətin içindən keçib harasa gedirsən.

Qısası, bizim avtobus yolu azmışdı. Sürücü bir müddət sonra anladı ki, deyəsən o istiqamətə getmir. Ağlınız indiki Füzuliyə, Qarabağdakı infrastruktura getməsin.

Hə, onu da qeyd edim ki, 2020-ci ildə yollar da, izlər də qarışıq idi. Haradasa Rusiya sülhməramlıları var idi, haradasa erməni silahlıları. Mən hələ saysız-hesabsız minaları, silah-sursatları demirəm.

Amma və lakin polis, hərbçilər, xüsusi xidmət qurumlarının əməkdaşları işğaldan azad olunmuş bütün ərazilərdə xidmət çəkirdilər. Ciddi işlər görülürdü.

Yağış yağsa daldalanmağa, gün vursa kölgəsində sığınmağa bir ağac yox idi. Hava da əməlli soyuq və sazaq idi.

Qayıdaq yolumuzu azan avtobus və onun sərnişinlərinə. Avtobus zülmətdə irəlilədikcə, sürücünün həyəcanı artdıqca, içimə bir xiffət düşürdü. Amma öz-özümə də deyirəm ki, "nə olacaqsa, olacaq, heç kimdən də artıq deyilsən". Elə özümə təskinlik verirdim ki, birdən sürücü avtobusu saxladı. Qarşıda polis maşını dayanmışdı. Sayrışan işıqlar yaxın perimetrdə gözə görünən yeganə işıq idi. Polis əməkdaşı anladı ki, bizim sürücü yolu azıb, çünki üzü o istiqamətə gedən yox idi.

Polislərdən biri avtobusa daxil oldu və sürücüyə yol göstərməyə başladı.

Polis əməkdaşının sayəsində xeyli yolu geri qayıdıb, öz yolumuza qayıtdıq. Bizi öz yolumuza təslim edib, sağollaşıb getdi. Elə həmin gecə də Bakıya qayıtdıq.

Amma bizi əmin-amanlığa çıxardana qədər sürücüyə yolların nişanəsini verməyə, öyrətməyə çalışırdı. Zülmət qaranlığın içində bir yeri göstərərək "burada çinar ağacları var idi, ermənilər hamısını kəsiblər" dedi...

Sonra digər tərəfi göstərərək "bura kəndin girişidir" və s. qəbildən işarələr verirdi. Ən dəhşətlisi isə o idi ki, kəndin adı İşıqlı idi. Zülmətin içində, İşıqlıda gedirdik.

Həmin polis əməkdaşı sən demə həmin kənddə doğulub, böyüyüb, sonra işğal dövrü başlayıb və İşıqlıdan didərgin düşüb bütün kənd əhli. İşıqlıdakı çinarlar axı heç yerdə olmayıb. İndi də düşünəndə ki, o adamlar necə baş çıxarıblar həmin şəraitdə, söz tapmıram deməyə...

Bütün çətinliklərə baxmayaraq, əlinə fürsət düşən kimi İşıqlı sakini xidmətini davam etdirmək üçün qayıdıb kəndinə. Polis kimi, zabit kimi...

Yorğunluqdanmı, həyəcandanmı, yoxsa onun sözünü kəsmək istəmədiyim üçünmü, bilmirəm, amma o polisin nə adını, nə də soyadını soruşa bildim. Yadımda qalan onun həvəslə çinar ağaclarından danışması qalıb. Görünən odur ki, elə ömrümün sonuna qədər də onun necə kədər və xiffətlə çinar ağacları üçün çəkdiyi ah yaddaşımda qalacaq.

İnşallah ki, həmin polis zabiti sağ-salamatdır və xidmətini doğma el-obasında yüksək səviyyədə aparır.

Vallah bu cəmiyyətdə polis olmaq çətindir, ağırdır.

Yolu, izi, evləri dağıdılan, ağacları kəsilən kəndlərdə, şəhərlərlə xidmət çəkmək isə lap çətindir.

Bu gün Azərbaycan polisinin 106 yaşı tamam olur. Bu gün Azərbaycan polisi bir və bütöv Azərbaycanda xidmət çəkir. Gününüz mübarək, yolunuz isə işıqlı olsun! Sayrışan işıqlardan isə yalnız təntənəli günlərdə istifadə edəsiniz!