Boş qalmış küçə boyu dolaşdıqca adamlar arasında tanımadığın simalar görərsən, yadlar arasında ögey baxışlarla qarşılaşarsan...
Bəzən səkilərdə yeriyən insanların harasa tələsdiyinə şahidlik edərsən... bəziləri işə bəziləri dərsə bəziləri evinə bəziləri görüşə...
Görüş yerlərində hər ağacın gövdəsinə cızma-qara edilmiş izlər qalar neçə-neçə görüşlərə şahidlik etmiş... yarpaqlar saralıb düşər torpağa ağacın budaqlarından yarından küsüb gedən sevgililər kimi. Hələ tapdalanmış otlar da var inam hissi ölən ürəklər kimi bir daha göyərməyəcək...
Hə... bir də skamyalar var... Park boyu səkilərin kənarında, quraşdırılan fontanların yan-yörəsində, hansısa bir ğacın altında və ya tam kənarda... Bəzən insanla da elədir. Hər kəs fərqlin istiqamətlərdə yeriyərkən sadəcə donub qalar yolun unudulmuş hissəsində boş qalıb unudulmuş skamya tək...
Bir zaman bəlkə bu skamya da sevgililərin and, əhd-peyman, görüş yeri olub. Ya bəlkə də ayrılıqlara dinə bilməyib sadəcə susub qalıb öz içində küsüb həyatdan... Nə görüşlər, nə gülüşlər, nə eşq etirafları eşidib görəsən bu cansız skamya...
Ara-sıra üstünə qonan tozları şəhərin küləyi təmizləyər üzərindən, payızda üstünə düşən xəzanı bahar çiçəkləri ilə bəzəyər təbiət...
Bəzən yaşlı bir insan əyləşər skamyanın kənarında dərin fikirlərə dalmış halda. Hiss edərsən ki, içindəki o AH-ın ünvanı onu eşitməyəcək qədər uzaqdadır. Küləklər onu üşütsə də, sarılıb xatirələrinə isidər cismini... qəlbi soyusada.
Viranə qalmış qəlb evində kim bilir nə qədər uçuq sökük ümidləri var, kim bilir xəyallarının göz yaşında batıb azdığını... Heç ağarmış saçları da unutmayıb bəlkə heç bir sığalı. Ara sıra əsən əlinin titrək barmaqları arasında sıxa-sıxa oynatdığı tütünü kim bilir hansı acıyla çəkir ciyərlərinə unudulmuş kişi ürəyi...
Bir ağ saçlı qadın da var. Diğər tozbasmış skamyaya sanki sarılmış haldadır. Saçları ilə süpürür tozlarını. Xatirəsi acıdır çox güman. Əhdinin qibləğahına çevirdiyi skamyasına son ümid baxışı ilə baxır. Neçə göz yaşı süzülür gözündən yanağına həzin layla kimi...
Kim bilir hələ bu şəhərdə nə qədər unudulmuş skamya məzarlığı var...
Sevginizə sahib çıxmaq diləyi ilə SONA İNTİZAR/09.06.2024/MASAZIR-XIRDALAN