“TİKTOK” SOSİAL ŞƏBƏKƏSİNDƏ AZƏRBAYCAN REALLIĞI - STOP TİKTOK -VİDEO

19
İyn
15:38
thumb_down 0

Müasir dünyanın internet texnologiyası üzərində qurulması danılmaz faktdır. Bəzən insanlar texnologiyanın inkişafının verdiyi faydaları görməzdən gələrək ziyanlı tərəflərinə daha meylli olurlar. Dövrümüzün ən aktual məsələlərindən biri də TikTokdur. Sosial səhifələrin istifadə çoxluğunu sıralasaq, yəqin ki, ilk üçlükdə və ya elə birinci yerdə TikTok sosial şəbəkəsi yer alar. Düzgün yolda istifadə olunmayan bu şəbəkə hazırda gənclərin elminə, əxlaq normalarına, təlim tərbiyəsinə, zehni inkişaflarına deyil, əksinə, sanki mental dəyərlərin itirilməsinə hesablanıb.

Gündəmi zəbt edən Semkalar, Bayram Nurlular, Baboşlar, Ləmanlar, Aykalar və daha kimlər gələcəyimiz olan uşaqlarımızın baxış bucağını tamam fərqli istiqamətə yönləndirir. Homoseksuallığı, cinsi azlıqları təbliğ edən bu TikTok platformasının “tanınmış” simaları gənclərin tərbiyəsinə, hətta deyərdim ki, onların gələcək üçün qura biləcək planlarına öz mənfi təsirini göstərir. Gənclərimizin bu tip sosial “fenomenlərə” baxdıqca korlanan düşüncələri onların gələcəyini də kölgəyə salır. İnternet üzərindən kifayət qədər intelektual yarışlar, sual-cavab xarakterli oyunlar, özünüinkişafetdirməyə hesablanmış məntiq yarışları və bu kimi zehni və fiziki qabiliyyətləri ortaya çıxarmağa yardım edəcək lazımi səhifələr olsa da, əfsuslar olsun ki, bizim ölkədə bunun əksinə şahidlik edirik. Axı nəyi tərənnüm edir, bu “fonemenlər”?

44 günlük zəfəri ilə bütün dünyanı lərzəyə salan Azərbaycanı Semkalar, Nurlular, Baboşlarmı tərənnüm edir?! Yoxsa Aleksandr Dümanı mat edən xan qızı Natəvanımı təmsil edir Aykalar, Ləmanlar və digər yüngül əxlaqlı məxluqlar?!

Daha dəhşətlisi var... Şəhid ailələrininin göz yaşlarını əllərində oyuncağa çevirən, onlardan məhşurluq üçün istifadə edən bəzi fenomenlərdirmi Azərbaycanın gənc və ziyalı siması? Ya bəlkə qazilərdən, onların yaralı canlarından öz məqsədləri üçün istifadə edib, sonra heç onların deyil, öz yaşam tərzlərini yüksəldən firıldaqçılardan ibrət götürməlidir gənclər?!

Canlı yayımlar açaraq qeyri etik jarqon ifadələr işlətməklə istər sıravi vətəndaşların, istər hər hansı qurumun, istər digər rəsmi orqan işçilərini, istərsə də bir baş şəxslərin ünvanına təhqir edici ifadələr işlətməklə, həm gənclərin, həm də bu şəbəkədən istifadə edən hər yaş kateqoriya insanlara qarşı edilən ən böyük tərbiyəsizlik kimi qiymətləndirilməlidir.

Bəs bu insan adına ləkə olan məxluqları DİN əməkdaşları zaman zaman saxlayıb, haqlarında tədbir görürsə, axı niyə bunlar o dəmir barmaqlıqlardan burunlarını bir az havaya çıxaran kimi daha da azğınlaşır, quduzlaşırlar. Nədir onlara bu rahatlığı verən? Niyə sutkalıq həbslər və cərimələr onlara dərs olmur? Bəlkə bunlar “qazandıqları” pullarla Azərbaycanda at oynada biləcəklərini zənn edirlər?

“SəhərMedia” xəbər portalı olaraq, Daxili İşlər Nazirliyinin bu qrup insanlara qarşı daha sərt tədbirlər görməyə səsləyirik.

Azərbaycanda bu sosial şəbəkənin dayandırılmasını qətiyyətlə dəstəkləyirik!

Mətndən istifadə edərkən istinad mütləqdir!

SONA İNTİZAR/Baş redaktor