Qaranlığa qərq olan Sumqayıt Avtovağzalında problem niyə həll edilmir?

29
İyn
14:54
thumb_down 0
14

Sumqayıt Avtovağzalında dörd gündür elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə şikayət seher.media-ın redaksiyasına daxil olub.

Belə ki, Sumqayıt Avtovağzalında çalışdığını deyən əməkdaş dörd gündür işıq olmadığından sahibkarların mallarının xarab olduğunu iddia edir:

"Sumqayıt Avtovağzal Kompleksində işıqlar sönüb. Dəfələrlə etdiyimiz müraciətlərə baxılmır. Bakı-Sumqayıt istiqamətində kartla işləyən avtobuslarda ödəniş etmək mümkün olmur. Kart sistemlərinin heç biri işləmir. Heç bir tədbir görülmür. Heç bir müəssisə dörd gün işıqsız qala bilməz. Kabel yanıb, heç bir tədbir görən yoxdur".

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Avtovağzalında elektrik enerjisinin dayanmasına səbəb binanın daxilindən keçən elektrik kabelinin yanmasıdır:

"Artıq üç gündür daxil olan şikayət əsasında Sumqayıt Avtovağzal Kompleksinin nümayəndələrinə müraciət edilib ki, sözügedən problem "Azərişıq" ASC-nin xidmət sahəsinə aid deyil. Qurum olaraq biz sayğaca qədər elektrik enerjisinin verilişini təmin edirik. Problem isə qurumunun daxilində sıradan çıxan kabel səbəbindən yaranıb. Onlara problemin aradan qaldırılması üçün "ASAN Kommunal"a müraciət etmələri tövsiyə edilib. Xidmət sahəmizə aid olmasa da, işçi qüvvəmiz problemin həllinə kömək edə bilər. Lakin Avtovağzal Kompleksinin nümayəndələri müxtəlif vasitələrlə problemin həllindən yayınır və bunu qurumun üzərinə atırlar. Əslində isə bu proseslərin hər biri "ASAN Kommunal"a müraciət olunmaqla həll edilməlidir".

Könül Cəfərli