"İsti havada işləməklə bağlı qadağanı bəzən səhv salırlar"

9
İyl
20:18
thumb_down 0

Baş Prokurorluq isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.

Qurumdan bildirilib ki, əmək qanunvericiliyinə əsasən, havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də havanın temperaturu 41 dərəcədən çox olan, sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

Son günlərin ölkə üzrə hava proqnozlarına nəzər yetirsək, temperaturun 37-38o-dən enmədiyinin şahidi olarıq. Ümumilikdə yay fəsli bir növ istirahət ayları kimi qəbul olunsa da, iş heç zaman dayanmır, hətta elə sahələr var ki, orada fəaliyyəti dayandırmaq məqsədəuyğun deyil. Bəs belə olan halda qanuna nə dərəcədə əməl olunur? Ümumiyyətlə, bu necə tənzimlənir?

Mövzu ilə bağlı seher.media-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib ki, hava şəraitini tənzimləmək mümkün deyilsə, işlər dayandırılmalıdır:

"Bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Təkcə isti yox, soyuq və küləkli hava da. Həmin havada işçilərin etməli olduqları göstərilir. Tutaq ki, kəskin isti hava şəraiti var. Əgər işin görüldüyü sahədə kondisioner, digər sərinləşdirici qurğular varsa, iş davam edəcək. Yox, əgər tənzimləmək mümkün deyilsə, iş dayandırılmalıdır. 41 dərəcə isti üçün nəzərdə tutulan bir prosesdir".

S.Məmmədovun sözlərinə görə, elə fəaliyyət sahələri var ki, orada iş rejimini süni surətdə tənzimləmək mümkün deyil:

"Hava şəraitini tənzimləmək mümkün deyilsə, işlər dayandırmalıdır. Elə işlər var ki, onu dayandırmaq mümkün olmur. Bu halda işə götürən əlavə tədbirlər görməlidir. Tez-tez fasilə verməli, iş yerinin yanında kölgəlik yer müəyyən olunmalıdır. İşçilərə sərinləşdirici və qazlı içkilər verməlidir".

"İşçilər həsir, yaxud pambıq parçadan şlyapadan istifadə etməlidirlər ki, günvurma olmasın.

Bu qaydalar soyuq və küləkli havada da tənzimlənir. Küləyin sürəti müəyyən edilir. O zaman işlərin dayandırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı xəbərdarlıq etməlidir.

Bəzən qadağaları səhv salırlar. Ancaq qayda o yerə aiddir ki, orada temperaturu tənzimləmək mümkün deyil. Söhbət açıq havadan gedir. O zaman iş saxlanılmalıdır. Saxlamaq mümkün olmadıqda müvafiq tədbirlər görülməlidir", - deyə S.Məmmədov əlavə edib.

Nəzrin Vahid