Makron Fransasının beynəlxalq əhəmiyyətli başağrısı - "Kaspi"nin ŞƏRHİ

3
Avq
11:18
thumb_down 0

Parisdə keçirilən Yay Olimpiya oyunları rəsmi Paris üçün daha bir beynəlxalq əhəmiyyətli başağrısına çevrilib. İndi Fransanı tək keçmiş və hazırkı müstəmləkələri, müsəlman və türk dünyası deyil, Vatikandan tutmuş ABŞ prezidentliyinə namizəd Donald Trampa qədər hamı tənqid atəşinə tutur. Hərdən elə təəssürat yaranır ki, sanki reputasiya və imic bahasına başa gələn bütün bu qüsurlar qəsdlə edilir. Bu qədər yanlışlığa hər hansı dövlətin rəhbərliyi istəsə belə, yol verə bilməzdi. Makron Fransasının beynəlxalq müstəvidəki əsas problemi ondan ibarətdir ki, özünün dünyada baş verən proseslərə baxışı, həyat tərzi və yanaşmasını zorla bir standart, yaxud ölçü vahidi kimi qəbul etdirmək istəyir. Bu barədə xəyallar qurmaq Napoleon dövründən fərqli olaraq, Emmanuel Makronun hakimiyyəti illərində nəinki mümkün deyil, hətta gülüncdür. Paris geyim tərzi və kosmetikada yaratdığı trendləri xarici siyasət və reputasiya sahəsində təkrarlamaq iqtidarında deyil...

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Tullantı girdabında idman yarışları

Fransa paytaxtında keçiriləcək bir nömrəli idman hadisəsinin qüsurlu olacağına dair ehtimallar özünü olimpiada ərəfəsində deyil, aylar öncə büruzə verməyə başlamışdı. Ölkədəki idarəçilik xaosu, dərin sosial böhran, iqtisadi tənəzzülün göstəriciləri, Parisin tullantı girdabında çabalaması baş verəcək kollapsın əlamətləri idi. Makron hakimiyyətinin bu və ya digər ölkələrə münasibətdə birtərəfli simpatiyası xarici siyasətdə izlənən ardıcıl uğursuzluqlara yol açmış əsas faktor rolunda çıxış edir. Fransanın keçmiş və hazırkı müstəmləkələrində qarşılaşdığı "sürpriz"lər, Afrika istiqamətində yaşadığı məğlubiyyətlər və bunun nəticəsi olaraq vətəndaşlarına qarşı jandarm dəyənəyinə əl atması rəsmi Parisin elementar insan hüquqları ilə bağlı köklü problemlərinin olduğunu göstərirdi. Makron hakimiyyətinin siyasi narsisizmi, aşırı eqosu nəticəsiz qala bilməzdi ki, biz beynəlxalq idman ictimaiyyətinin hər gün səsləndirdiyi müxtəlif məzmunlu narazılıqlardan bir daha bunun şahidi oluruq. Təəssüf ki, son illər ərzində E.Makronun rəhbərliyi ilə nə vaxtsa demokratiya bastionu və insan hüquqları carçısı olmuş bir ölkən neonasist təfəkkür və vizyona doğru yuvarlanıb eybəcər imici ilə üz-üzə qaldığını görürük.

Fransa siyasi elitasının əxlaq problemi

Sosial tələblərlə çıxış edən sıravi fransalını polis dəyənəyi və gözyaşardıcı qazla boğan rəsmi Parisin xoşu gəlməyən ölkə və xalqlara qarşı aşırı ayrımçılıq nümayiş etdirməsi qəbuledilməzdir. Makron hakimiyyəti reallıqdan o qədər uzaq düşüb ki, özünün dünyaya baxışı, həyat fəlsəfəsini beynəlxalq idman ictimaiyyətinin 4 ildən bir səbirsizliklə gözlədiyi idman hadisəsinə belə yansıtmaqdan usanmır. Paris olimpiadasının qalmaqallı açılış mərasimi etika və beynəlxalq ədəb, yüzmilyonlarla insanın dini inanclarına münasibətdə təhqir olmaqla yanaşı, Fransanı idarə edən siyasi elitanın hansı əxlaqi uçurumda olması barədə aydın təsəvvür yaradır. Makronun ən böyük və bağışlanmaz qüsuru ondan ibarətdir ki, bu əxlaq kasadlığını bir dəyər kimi qəbul edir və digərlərinə də aşılamaq istəyir. Şübhə yoxdur ki, bu siyasi biabırçılıq Fransa üzərində hələ uzun illər boyu "Domokl qılıncı" olaraq asılı qalacaq.

Makronun bir şəxsiyyət olaraq əxlaqi problemləri heç kim üçün sirr deyil. Ancaq bu onun şəxsi problemləridir. Açılış mərasimində təşkilatçıların dini mövzuya qeyri-ənənəvi yanaşmalarını bütün dünyaya təlqin etmək cəhdi isə artıq Fransa dövləti və ictimaiyyətinin kollektiv qüsurudur. Adi vaxtda təsəvvür etmək belə çətin olardı ki, nə vaxtsa dünyanın ən xristian ölkəsi olmuş Fransa xristian aləminin hissləri ilə oynadığına görə müsəlman cəmiyyəti tərəfindən tənqidlərə məruz qalır. Görəsən elə bir idarəçilik sferası qalıbmı ki, Makron hökumətinin yol verdiyi səhvlər orada da təkrarlanmasın?

Bumeranq

Olimpiadanın birbaşa təşkilati problemlərinə ətraflı toxunmamaq şərti ilə bir sıra məqamların üzərində dayanmağa ehtiyac var. 2015-ci ildə Bakıda mükəmməl şəkildə keçirilən tarixdə ilk Avropa oyunları ərəfəsində Qərb dünyası tərəfindən Azərbaycanın ünvanına yönələn haqsız və qərəzli kampaniyanı unutmamışıq. İstənilən xırda detaldan bir problem çıxarmaq üçün proqramlaşdırılmış və köklənmiş Avropa KİV və ictimai rəyi şübhə yoxdur ki, bu gün Parisdə təşkil olunan qlobal idman tədbirini yaxından izləyir, hər gün yeni bomba effekti yaradan hadisələrin canlı şahidi rolunda çıxış edir. Bu gün Fransanın yol verdiyi qüsurlar və qarşılaşdığı problemlər 9 il öncə kollektiv Qərb ictimai rəyinin ədalətsiz mövqeyinin bumeranq effekti ilə geri dönməsidir. Fransız cəmiyyətinin başda hökumət və siyasi elita olmaqla düşdüyü dərin əxlaqi-etik böhran bütün Qərbin reallığıdır.

Bu kontekstdə olduqca ciddi geosiyasi amili unutmamaq lazımdır. Fransanın keçmiş Qarabağ problemi ilə bağlı Azərbaycana qarşı qərəzli mövqeyi və davranışı hər birimizə məlumdur. Ötən ilin avqust-sentyabr aylarında rəsmi Paris Qarabağda 30 il ərzində kök salmış aqressiv erməni separatizminin mövcudluğunu qorumaq üçün dəridən-qabıqdan çıxırdı. Ard-arda BMT TŞ-də təşkil olunmuş dinləmələr, bizi "etnik təmizləmə" və "soyqırımı"nda suçlamaq siyasəti Fransa idarəetmə sisteminin bütün qanadlarına yoluxmuşdu. Bu ümumdövlət psixozunun ən fəal təmsilçilərindən biri də prezident Makronla yanaşı, Parisin meri Ann İdalqo idi. Xüsusi heyətlərlə İrəvana səfərə gəlir, "ərzaq yardımı" ilə dövlət sərhədimizə yürüş edib siyasi avantüranın önündə dururdu. Onsuz da mürəkkəb olan dövlətlərarası münasibətlərə hər cür xələl gətirən İdalqo özünü və ölkəsini insan haqları carçısı pozasında təqdim edirdi. Bu gün isə bütün dünya ictimaiyyətini Parisin ortasından keçən və günümüzün ən çirklənmiş su hövzələrindən biri olaraq ad çıxarmış Sena çayının yarışlar üçün hazır olduğuna dair yalanlar söyləyir.

Görəsən, Qərb cəmiyyətində kimsə öz xalqı ilə yanaşı, qlobal idman ictimaiyyətini də aldadan bir şəxsin, şəhər rəhbərinin və hökumətin son 4 ildə nümayiş etdirdiyi süni insan haqları müdafiəçisi, ermənipərəst, anti-Azərbaycan və antitürk siyasəti barədə düşünübmü?

Sual açıq olaraq qalır. Biz isə cavabımızı mübarizə meydanında veririk, Paris olimpiadasında fransız idmançının kürəyini yerə vuraraq bayrağımızı qaldırır, himnimizi səsləndiririk. Oyunların qalibi olmuş cüdoçumuz Hidayət Heydərovun dediyi kimi, biz qalib xalqın övladlarıyıq!