Xoşbəxtliyin sirri... SONA İNTİZAR/BAKI

3
Avq
21:17
thumb_down 0

Çox qəribə dünyada yaşayırıq; kiminə rəngli, kiminə sadəcə ağ qara rəngdən ibarət olan bir dünya. Bəzən bir tərslikdən dolayı öz həyatımızı qaraya bürüyər, bəzən ani bir xoşbəxtlikdən yaşantımızı rəngləndirməyi bacarırıq. Demək, hər yaşantı insanın öz iradəsindən asılı imiş...

İnsan sadəcə kimisə sevməklə deyil, özünü sevməklədə xoşbəxt ola bilir. Bəli, sevgi, sevməyi bacarmaq hissi məhz elə özünü sevməkdən başlayır. Bu xöşbəxtliyə aparan yoldur, xoşbəxtliyin başlanğıcıdır.

Həyatın məşəqqətli yollarını keçmiş bir insan üçün üzündə təbəssümü yaradan hər şey xoşbəxtlik deməkdir. Yalnız bir xətt üzrə yaşayan insanı isə heç nə təəccübləndirə bilməz. Buna görə də xoşbəxt ola bilmir insan. Əlində olan xöşbəxtliyi duya bilmir. Bu səbəbdən gözü qıraqda axtarır, o adını bilib, özünü hiss etmədiyi xoşbəxtliyi. Necə olur ki, bu fürsəti qaçırırıq əldən?! Demək, insan göz önündə olanlarla deyil, hardasa əlçatmazlıqda görür xoşbəxtliyi... Tez və asan əldə olunan heç bir şey insanı daim xoşbəxt edə bilməz. Zatən xoşbəxtlik daimi olmur. Məncə, bu ani yaşanılan hissin davamedicilik qabiliyyətinin ömrü nəfəslikdir və o nəfəslərdir xatıralandıqca yenidən gülümsədən.

Bu insana “daimi xoşbəxlik” adı altında şüuraltı təsir edir. Bəlkə bundandır ki, inciyəndə, təsirlənəndə qarşımızdakı insanı: “SƏN DƏYİŞİLMİSƏN”, “ƏVVƏL BELƏ DEYİLDİN” – deyərək tənbeh edirik. Oysa ki, əslində öz əlindədir insanın xoşbəxt olması...

Mən bir çox mərhələləri atlatdım bu həyatda və qərara gəldiyim bu oldu ki, xoşbəxlik bir qapıdır və o qapının açarı yalnız hörmət və sevgidir.

İnsan özünə hörmət etməlidir, sonra düşdüyü mühitdə tutduğu mövqeyi möhkəmləndirməlidir. Sevincindən pay verməyi bacarmalıdır. Bunlar insanı formalaşdıran amillərdir. Necə ki, biz özümüzü bədbin, rahatsız, gücsüz hiss edəndə nəyəsə və ya kiməsə ehtiyac duyuruq, eləcə də xoşbəxt, sevincli, yüksək əhvalda olanda da mütləq paylaşmağı bacarmalayıq. Bu hiss insana fərəh verir, könlünü cavanlaşdırır.

Xoşbəxtliyin sirri mənim üçün yalnız görünən amillərdə deyil, görünməyən hisslərdədir.

Odur ki, sevgi dolu həyat arzusuyla SONA İNTİZAR/Bakı