Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir ŞƏRH

8
Avq
23:23
thumb_down 0

Müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsinə çevirib. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çətin geosiyasi şəraitdə uğurlu müstəqil xarici siyasət həyata keçirir.

Ölkə düşünülmüş daxili və xarici siyasət sayəsində həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Çünki Cənubi Qafqaz regionu hər zaman özünün mürəkkəbliyi ilə seçilib. Regionda müxtəlif güclərin barışmaz maraqları müvafiq olaraq burada münaqişə potensialının yüksək olmasını şərtləndirib. Demək olar ki, region tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışı, iradəsi sayəsində Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Yenə də tarixdə ilk dəfə olaraq regional təhlükəsizlik arxitekturasının qurulması imkanları yarandı. Nəzərə almaq lazımdır ki, tarixən Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə edilməmişdir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yarandı. 2020-ci ilə qədər biz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdik. Ölkə Prezidenti Ermənistanın havadarlarına, ayrı-ayrı beynəlxalq təşkilatlara Ermənistana təsir göstərmək üçün çağırışlar edirdi. Lakin bu çağırışlara düzgün reaksiyalar nümayiş etdirilmirdi və o mövqedən çıxış edilirdi ki, münaqişənin hərbi həll yolu yoxdur. Prezident İlham Əliyev isə nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi. O belə də etdi. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başladı və 44 gün ərzində erməni işğalının nəticələrinə əhəmiyyətli dərəcədə aradan qaldırdı. Azərbaycan Ordusu öz qüdrətini, Azərbaycan Lideri isə öz iradəsini, əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi. İkinci Dünya müharibəsindən sonra ilk olaraq Azərbaycan dövləti öz ərazilərini effektiv şəkildə işğaldan azad etdi. Bununla Cənubi Qafqaz regionunda tam yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının obrazını da tamam yenilədi. Artıq ərazi bütövlüyü bərpa etmiş dövlət və qalib xalq var. 2020-ci ildən ötən zaman ərzində Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını bütün komponentləri ilə çox həyata keçirməyə başladı və onun bütün manevr imkanlarını əlindən çıxardı. 2023-cü ildə görülən antiterror tədbirləri xalqımıza növbəti böyük zəfəri qazandırdı. Bütün ərazilərimiz boyunca suverenliyimiz etibarlı və dönməz şəkildə bərpa edildi. Beləliklə də, ümumilikdə Cənubi Qafqaz regionun yeni bir tarixi mərhələsinin əsası Azərbaycan Prezidenti tərəfindən qoyulmuş oldu.

Prezident İlham Əliyev iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumundakı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxışında da Qərb siyasi dairələrində reallıqdan danışaraq bildirdi ki, Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.

Bu realllığı da vurğulamaq istərdim ki, Azərbaycan Prezidentinin çıxışları hər zaman özündə müxtəlif dairələrə ünvanlanmış mesajlarla zəngin olur. Bu dəfə də dövlət başçısının çıxışı özündə ikili standartlara əsaslanan siyasət həyata keçirən dövlət və qurumlara konkret mesajları ehtiva etmiş oldu: «Bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra - növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, əlbəttə, hücumlara məruz qalacağımızı bilirdik. Özlüyündə yaranan “Biz nədə ittiham olunurduq” sualına cavab olaraq cənab İlham Əliyev bildirdi ki, neft və qazla zəngin olan ölkə olduğumuz üçün: “Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir.”

Azərbaycanın iqtisadi strategiyasını düzgün əsaslar üzərində qurması…

Azərbaycanın çağırışı bu oldu ki, iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, əsas mövzular bunlar olmalıdır. Ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlu nəticələr göz qabağındadır. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi beynəlxalq səviyyədə təqdir edilir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur. Yoxsulluq, işsizlik problemlərinin həlli rəqəmlərdə özünün aydın ifadəsini tapır. Bu fikir daim önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi strategiyasını düzgün əsaslar üzərində qurması bu kimi problemləri yaşamamasını şərtləndirir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən neft strategiyasını müəyyənləşdirən ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlər sırasındadır. Neft gəlirlərinin əhali arasında şəffaf şəkildə bölgüsü yüksək rifahın təmin edilməsinə səbəb olur. Ümumiləşdirilmiş şəkildə qeyd etsək iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu gün yoxsulluq və işsizliklə bağlı göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir. Belə ki, bəzən ondan daha aşağı, daha azdır. Yoxsulluq hazırda ölkəmizdə beş faiz səviyyəsindədir.

Azərbaycan Prezident Forumda çıxışı zamanı onu da qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar əsasən Qərbdən qaynaqlanır və bu cür yanaşma artıq gündəlik həyatımıza çevrilir. Amma vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Erməni diasporu uzun illər ərzində Azərbaycana qarşı bu istiqamətdə səfərbər şəkildə fəal iş aparıb. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana vaxtaşırı hücumlar edərək yanlış narrativlər yayıblar, ölkəmizi, xalqımızı reallıqdan çox uzaq şəkildə təqdim ediblər. Ancaq necə ki, zaman keçdikcə Qərb siyasi dairələrində reallıq daha çox üzə çıxır və onlar Azərbaycana bərabər tərəfdaş kimi yanaşmağa başlayırlar: «Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın.

Bəli, Azərbaycan çox nadir dövlətlərdən biridir ki, müstəqil və milli maraqlarına uyğun siyasət həyata keçirir. Digər təzyiqlər və təhdidlər Azərbaycanda heç bir təsir göstərə bilmir. Vətən müharibəsindəki qələbəmiz və ondan sonra həm geosiyasi, həm qlobal arenada artan nüfuzumuz onu deməyə əsas verir ki, müstəqil və milli maraqlar kontekstində olan siyasət uğurludur və bəhrəsini verməkdədir. Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mözvuları ilə bağlı suala cavabında Azərbaycan Prezidenti bir daha həqiqətləri səsləndirdi. Və etnik təmizləmənin, işğalın və təcavüzün qurbanı ola-ola Qərbin 30 il ərzində haqq səsini eşitməməzliyə vurduğu Azərbaycan bu gün dünyaya həqiqətləri yayır. Artıq dünya birliyi də Azərbaycanla hesablaşır və mövcud reallığı qəbul edir. Çünki Prezident İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı qlobal miqyasda güc kimi təsdiqlədikcə və ölkəmizlə hesablaşıldıqca, hər kəs reallıqlara daha açıq gözlə baxmaq məcburiyyətində qalır. Əsl reallıqlar da Azərbaycanın hər zaman haqlı olduğunu sübuta yetirir.

Həmçinin Prezident İlham Əliyev Forumda çıxışı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri barədə də ətraflı məlumat verdi. Və vurğuladı ki, COP29-u qlobal miqyasda ən mühüm hadisələrdən biri, dünyada bir nömrəli konfrans olacaqdır: «Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik».

Prezident İlham Əliyev, həmçinin bildirdi ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Dövlət başçımız COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayıb. Amma bəziləri hələ də bu ali məqsədi anlamaq istəmirlər. Bu məqama toxunan dövlətimizin başçısı deyib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

Bir sözlə, dövlət başçımızın Şuşa Qlobal Media Forumunda söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşu». Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai