Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır

10
Avq
15:18
thumb_down 0

"Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır".

Bunu "Report"a İbn Haldun Universitetində Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Eldəniz Hüseynov Mərkəzi Asiya ölkələri və Azərbaycan dövlət başçılarının Astanada keçirilmiş görüşünün yekunlarını şərh edərkən deyib.

"İndi qarşıda mühüm vəzifə dayanır: Cənubi Qafqaz ölkələrini bu prosesə cəlb etmək", - E.Hüseynov bildirib.

Onun fikrincə, Qazaxıstanın həyata keçirdiyi layihələr Avropa İttifaqı (Aİ) bazarına yönəlib və bu, xüsusilə, neft və qazın ixracı, eləcə də nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı məsələlərdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunu bir-birinə daha da yaxınlaşdırır:

"Hesab edirəm ki, bu layihələri yalnız Avropa İttifaqı ilə məhdudlaşdırmağa ehtiyac yoxdur. Coğrafiyamız bizə Əfqanıstan, Yaxın Şərq və Cənubi Asiya bazarlarını açmaq imkanı verir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə üfüqlərini genişləndirmək imkanlarını nəzərdən keçirməlidir".

O qeyd edib ki, bu ölkələr xarici siyasətini Rusiya, Çin və Aİ kimi böyük oyunçulara yönəltməklə yanaşı, investisiyaların həcmini artırmaqla, ticarət və əməkdaşlığı, o cümlədən, müdafiə sahəsini inkişaf etdirməklə bir-biri ilə əməkdaşlığı gücləndirə bilərlər.

Ekspertin fikrincə, vurğulanan yanaşmanın vacibliyini bu yaxınlarda keçirilən "Birləşdik-2024" hərbi təlimləri də nümayiş etdirib.

"Biz süni intellekt sahəsində birgə layihələr, öz təchizat şəbəkəmizlə istehsalımızı artırmaq barədə düşünməliyik", - E.Hüseynov bildirib.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıqdan danışan ekspert qeyd edib ki, hazırda qarşılıqlı əlaqələrin inkişafı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk Dövlətləri Təşkilatı (TDT) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində formalaşır, ona görə də bu gün ayrıca olaraq Azərbaycan + Mərkəzi Asiya formatından danışmaq mümkün deyil.