Buralarda olun...

13
Avq
13:18
thumb_down 0

Rüstəm Qaraxanlı yazır...

2006-cı ilin soyuq fevral ayında Moskvada "RİA-Novosti" informasiya agentliyinin pen-klubunun seminarları çərçivəsində Rusiyanın politoloji çevrələrində ermənipərəstliyi ilə tanıdığımız Sergey Markedonovdan müsahibə götürmüşdüm. Əslində, o illərdə Rusiya mediası və beyin mərkəzlərində ağına-bozuna baxılmadan Ermənistanın total müdafiəsi adi hal idi və Markedonov da nəinki istisna deyildi, həm də bu təmayülün ən fəal təmsilçilərindən idi. Müsahibəni tet-a-tet rejimdə deyil, MDB respublikalarından olan 11 nəfər digər həmkarımın iştirakı və gözləri qarşısında götürürdüm.

Gizlətməyin nə mənası, Markedonov müsahibə ərzində məni sarkazmla iki-üç dəfə öz aləmində trol etməyə çalışdı. Tez-tez Ermənistandan olan Ruben adlı jurnalistə tərəf baxıb gülümsəyərək. Üzərində xüsusilə durduğu əsas məqam bu idi: siz heç öz məcburi köçkünlərinizi normal yaşayışla təmin edə bilməmisiniz, aydındır ki, onları dünya ictimaiyyətini şantaj etmək məqsədilə acınacaqlı vəziyyətdə saxlayırsınız. Burada qeyd etmək yerinə düşər ki, 2006-cı ildə artıq Ağdamda ilk qəsəbələrimiz tikilmişdi, yaxud tikilməkdə idi. Ola bilsin, Markedonov bundan xəbərsiz idi, yaxud bilsə də, qəsdlə azərbaycanlı jurnalisti küncə sıxışdırmaq istəyirdi...

Avqust ayının ilk günlərindən etibarən Ukrayna ordusunun bir həmlə ilə Rusiyanın içərilərinə doğru irəliləməsindən sonra yayılan videogörüntüləri seyr edəndə nədənsə Markedonovla həmin müsahibəm yadıma düşdü. Kursk vilayətindən olan minlərlə sakin yaydıqları görüntülərdə evsiz-eşiksiz, sahibsiz qaldıqlarından şikayət edir, sabah aqibətlərinin necə olacağını bilmədiklərini deyirdilər. Xəbərlərə görə, dövlət onların hər birinə 100 dolların üstündə kompensasiya - dolanışıq pulu vəd edir. Hadisələrin hansı məcrada davam edəcəyinə dair ehtimalları qoyaq bir yana: bizim bir vaxtlar yaşadığımız ağrılı-acılı taleni indi Rusiya vətəndaşları yaşayırlar. Telekanallar və mətbu orqanlardan Azərbaycana qarşı beyin hücumunu həyata keçirən Markedonov kimi "politoloq"lar, görəsən, ölkələrinin bu guşəsində yaşanan humanitar böhran barədə nə düşünürlər?

İllər sonra həmin seminarların iştirakçısı olmuş bir ukraynalı xanım müxbir separatçıların nəzarətindəki Xankəndiyə təşkil edilən səfərdə peyda oldu. Ukraynanın sayılıb-seçilən qəzetlərindən birinin müxbiri olan bu xanım "Artsax"ın keçmiş "prezident"i, hazırda Bakıda təcridxanada yaddaşında törətdiyi əməlləri "bərpa edən" Bako Saakyanla eksklüziv müsahibə də etmiş və belə bir sual vermişdi: "Ukrayna xalqına nə çatdırmağımı istəyərdiniz?" Müsahibəni oxuyan kimi həmin müxbirə mesencerdə yazıb, "qara siyahı"mıza düşməsi ilə əlaqədar "təbrik edəndə" "mənim xəbərim yox idi ki, ora separatçı bölgədir" cavabını aldım. İllər sonra Krım Rusiya tərəfindən işğal olunanda ukraynalı xanıma daha bir sual yazdım: "İşğal çox acı reallıqdır, düzdürmü?" Aldığım cavab konkret idi: "Mən Xankəndiyə gedəndə oraların sizin torpaqlar olduğunu və işğal edildiyini bilmirdim"... Təbii ki, bilirdi, sadəcə, arqumenti, deməyə sözü yox idi!

Azərbaycanın 2020-23-cü illərdə əldə etdiyi hərbi və diplomatik qələbələri bizə dəyərli edən amillərdən biri də məhz budur. 30 il ərzində ərazi bütövlüyü prinsipini qulaqardına vuranlar bu gün Ermənistanın "torpaq bütövlüyü"nün dərdini çəkməkdən yarımcan olublar. Onillərdir azərbaycanlı məcburi köçkünün vətən nisgilinə göz yumanlar indi "erməni əhalinin Qarabağa qayıtmaq hüququ"ndan dəm vururlar. Yerlə bir edilmiş şəhər və kəndlərimizi, maddi-mənəvi abidələrimizi, təhqir olunmuş məzarlıqlarımızı və məscidlərimizi heç hesab edənlər Kəlbəcərdəki sexlərdə sirkədə qızardılmış daşdan yonulan "tarixi xaçkar"ların davasını aparırlar. Sanki bumeranq effektindən xəbərləri yox imiş. Buralarda olun...