Politoloq: "İranla mübarizə aparan qüvvələrin hamısını Paşinyan Ermənistana yerləşdirib"

20
Avq
16:18
thumb_down 0

İranda azərbaycanəsilli Məsud Pezeşkianın prezident seçilməsi və hökuməti formalaşdırarkən azərbaycanəsilli nazirlərə üstünlük verməsi İran və Azərbaycan ictimaiyyətində onun ilk səfərini Azərbaycana edəcəyi ilə bağlı müzakirələrə yol açıb. Üstəlik, islahatçılar qanadını təmsil edən Pezeşkianın əsas prioritetlərindən biri də qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq və əlaqələri inkişaf etdirməkdir.

Lakin xüsusilə vurğulamaq lazımdır ki, prezidentlərin ilk xarici səfərlərini hansı ölkəyə edəcəkləri simvolik və ismarış xarakteri daşıyır. Bu, daha çox həmin dövlətlər arasında strateji münasibətlərə, ən yaxın dostluq-tərəfdaşlıq əlaqələrinə əsaslanır. Nümunə üçün qeyd edək ki, İranın sabiq liderləri Həsən Ruhani və İbrahim Rəisi prezident kimi ilk rəsmi səfərlərini Qazaxıstan və Rusiyaya etmişdilər. Ruhaninin bu səfərdə məqsədi Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısında iştirak etmək idisə, Rəisinin səfəri Rusiya ilə bütün səviyyələrdə strateji əlaqələri gücləndirmək istəyindən xəbər verirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə vəzifəsini rəsmiləşdirəndən sonra Robert Koçaryan və Serj Sarqsyandan fərqli olaraq, Rusiyaya deyil, İrana səfər etmişdi.

Azərbaycan və Türkiyə liderlərinin ilk səfərləri isə birmənalı olaraq qarşılıqlı olur. Çünki bu səfərlər strateji əlaqələrin dərinliyini müəyyənləşdirir və gələcək perspektivlərə xidmət edir. Bu baxımdan, Pezeşkianın, sələflərindən fərqli olaraq, məhz Azərbaycana səfər etməsi İran-Azərbaycan münasibətlərində yeni səhifə aça və yaxın qonşuluq strategiyasını inkişaf etdirə bilər. Bəs bütün bu sadalananları nəzərə alsaq, bu səfərin reallaşması nə qədər mümkündür? Üstəlik, İran-Ermənistan münasibətləri fonunda Pezeşkian birinci səfərini Azərbaycana etsə, bu, necə qiymətləndiriləcək?

Mövzu ilə bağlı seher.media-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, bununla bağlı rəsmi açıqlamalar olmasa da, İranın yeni Prezidenti Məsud Pezeşkianın ilk rəsmi səfərini Azərbaycana edəcəyi ilə bağlı informasiyalar var:

"Hətta İran rəsmilərinin açıqlamalarında da buna müəyyən eyhamlar vurulur. Bu mənada Pezeşkianın ilk səfərini Azərbaycana edəcəyi gözlənilir. Təbii ki, bu baş verərsə, İran-Azərbaycan münasibətləri baxımından çox yüksək qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu, eyni zamanda, Bakı ilə Tehran arasında son zamanlarda müəyyən qədər buzların əriməsi fonunda baş verir, həmçinin, İran prezidenti əslən Azərbaycan türküdür, deməli, belə bir səfərin reallaşması yalnız müsbət hadisə ola bilər".

"O ki qaldı bu səfərin İran-Ermənistan münasibətlərinə təsirinə, məlumdur ki, Tehranla İrəvanın əlaqələri 1990-cı illərin əvvəllərindən başlayaraq fərqli bir müstəvidə davam edir. İran Cənubi Qafqazda Ermənistanı hər zaman özünə ən yaxın müttəfiq kimi görür və bunun da müxtəlif səbəbləri var. Bu mənada düşünmürəm ki, İran prezidentinin ilk səfərini məhz Azərbaycana etməsi İran-Ermənistan münasibətlərinə hər hansı bir formada mənfi təsir göstərsin. İran ən yüksək şəkildə Ermənistana həm siyasi, həm iqtisadi, həm də digər vacib müstəvilərdə dəstək verib və bu dəstək bu gün də davam edir", - deyə ekspert vurğulayıb.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov isə seher.media-a açıqlamasında bildirib ki, Məsud Pezeşkianın İran prezidenti seçiləndən sonra ilk səfərini Azərbaycana edəcəyi təəccüb doğurmamalıdır:

"Düzdür, zaman-zaman Azərbaycanla İran arasında münasibətlərin pisləşməsini istəyən, buna cəhdlər edən qüvvələr olsa da, ümumilikdə Azərbaycanın İranla uzun illərə dayanan yaxın qonşuluq münasibətləri var. Pezeşkianın seçkidə qalib gəlməsi və ölkəmizə dəvət olunması ilə bağlı Prezident İlham Əliyev də öz mövqeyini bildirib. Ölkə başçısı Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib və telefon danışığı zamanı ölkələrimiz arasında İranın eks-prezidenti ilə əsası qoyulan layihələrin davam etdirilməsində maraqlı olduğumuzu vurğulayıb. İran tərəfi də buna müsbət yanaşdığını və bu prosesi dəstəklədiyini diqqətə çatdırıb. Ona görə də İran prezidentinin ilk səfərini Azərbaycana etməsi daha yaxşı olardı".

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqları qəbul etməyən qüvvələr bu gün Ermənistan vasitəsilə Azərbaycana mane ola bilmədiklərini anlayır və ona görə İranı da bu prosesə cəlb edərək bu reallıqları pozmağa cəhd göstərirlər:

"Amma bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, o da İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təklif etdiyi "3+3" formatıdır. Bu formatın reallaşması isə tək Azərbaycanın deyil, bu layihədə iştirak edəcək bütün dövlətlərin maraqlarına xidmət edir. Çünki bu formata görə, regionda mövcud olan və yaxud ola biləcək istənilən problem məhz region dövlətləri tərəfindən həll edilməli, kənar qüvvələrin bu prosesə müdaxiləsinə imkan verilməməlidir. Bu, təbii ki, İranın da siyasətinə tamamilə uyğundur".

"Ona görə də İran prezidentinin ilk səfərini Azərbaycana etməsi və bunun Ermənistan-İran münasibətlərinə təsiri ilk növbədə Ermənistanı narahat etməlidir, digər ölkələri yox. Çünki İranla bütün platformalarda müharibə və mübarizə aparan bütün qüvvələrin hamısını Nikol Paşinyan Ermənistana yerləşdirib. Bu gün Fransanın, Almaniyanın, ABŞ-nin, Kanadanın hərbçiləri, jandarm qüvvələri Ermənistan ərazisində fəaliyyət göstərirlər. Təkcə bu arqument kifayət edir ki, Ermənistanın bu addımlarına cavab olaraq Pezeşkian prezident kimi ilk xarici səfərini Azərbaycana etsin. Bununla da Ermənistana izah edilsin ki, Tehran artıq bu ölkənin ikiüzlü siyasətinə inanmır və regiona cəlb etdiyi qüvvələrin İran sərhədləri üçün təhdid yaratdığını anlayır. Çünki Ermənistan bu əməli ilə İranla münasibətlərin pisləşməsi üçün əlində gələni edib və etməkdə davam edir. Necə ki, bunu həm də Rusiyaya qarşı edir", - deyə Bəşirov vurğulayıb.

Müsahibimiz sonda onu da əlavə edib ki, sözügedən səfər gerçəkləşsə, bununla kifayətlənməməli, münasibətlərin daha da inkişaf etməsinə nail olunmalıdır:

"Çünki Azərbaycan bu gün Cənubi Qafqazın təhlükəsizliyi üçün narahat olan yeganə dövlətdir. Üstəlik, Bakı nəinki regionla bağlı narahatlığını ortaya qoyur, həm də bölgənin təhlükəsizliyinin qorunub-saxlanılması üçün real addımlar atır".

Mərahim Nəsib