Deputatlığa namizəd Nizami Səfərov Tovuzda seçiciləri ilə görüşüb

23
Avq
21:36
thumb_down 0

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkidə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Məclisin deputatı Nizami Səfərov YAP Tovuz rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirib.

seher.media xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında Milli Məclisə seçkinin müstəqillik tarixində ilk dəfə olaraq Qarabağla bütövləşmiş Azərbaycanın hər yerində keçiriləcəyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirildiyini, gənc nəslin xalqımıza məxsus zəngin milli-mənəvi dəyərlər əsasında yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirildiyini qeyd edib. Nihad Pənahov gənclərin bu seçkilərdə də YAP-ın namizədini dəstəkləyəcəklərini bildirib.

Deputatlığa namizəd Nizami Səfərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, tovuzlu gənclərin I Qarabağ müharibəsində, Tovuz döyüşlərində və Vətən müharibəsində könüllü döyüşlərə qatıldığını, şücayət göstərdiklərini və hər zaman dövlət başçımız, YAP-ın sədri, Prezident İlham Əliyevin ətrafında olduqlarını vurğulayıb.

Daha sonra görüşdə çıxış edən gənc seçicilər də 1 sentyabr seçkisində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.