"Frank Şvabeni yandıran Azərbaycana buraxılmamasıdır" - Professor avropalı deputatı tənqid etdi

29
Avq
14:54
thumb_down 0

"Təəssüflər olsun ki, Avropa parlamentində hələ də Frank Şvabe kimi deputatlar var. Beynəlxalq platformada onların Azərbaycana qərəzli münasibəti onunla bağlıdır ki, bizim qələbəmizi, torpaqlarımızı işğaldan azad etməyimizi, Türkiyə ilə münasibətlərimizin günbəgün inkişaf edib qüdrətimizin artmasını həzm edə bilmirlər".

Bunu seher.media-a açıqlamasında professor Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, Azərbaycanın gücü, eləcə də türk amilinin inkişaf etməsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) və onun Frank Şvabe kimi deputatlarını qıcıqlandırır:

"Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırandan sonra da onlar aktiv şəkildə ölkəmiz əleyhinə çıxış edirlər. Guya Azərbaycan onları parlament seçkisini müşahidə etməyə dəvət etməyib. Azərbaycan çox yaxşı edib, çünki bu, bizim haqqımızdır, daxili işimizdir və buna heç kəs qarışa bilməz. Beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxış edənləri, əks bəyanat verənləri, üstəlik, nəinki bəyanat, hətta davranışları ilə də bunu göstərənləri, əlbəttə ki, ölkəmizə buraxmamağa bizim tam hüququmuz var. Bu, adi beynəlxalq praktikadır. Bunu digər dövlətlər də edirlər. Şvabenin aktivliyi də elə bununla bağlıdır".

"Görünür, Frank Şvabeni yandıran, onu narahat edən dediyim bu məqamlardır ki, Azərbaycana gəlib müşahidəçi qismində iştirak edə bilmir. Daha dəqiq desək, Azərbaycanı yeni bəyanatlarla tənqid etməyə imkanı olmur. Ona görə də Şvabe yaxşı-yaxşı fikirləşib, nəticə çıxarmalıdır. Çünki o, Azərbaycana qarşı bundan sonra da belə çıxışlar edəcəksə, bizə nə onun kimi deputatlar, nə də müşahidəçilər lazımdır", -deyə analitik əlavə edib.

Mərahim Nəsib