MDB PA-nın koordinatoru: "Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara uyğundur"

31
Avq
15:36
thumb_down 0

"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara uyğundur".

"Report" xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında keçirilən görüşdə deyib.

O, Azərbaycanda bir sıra görüşlər keçirdiklərini, namizədlərin seçkidə iştirakı üçün yaradılmış şəraiti müsbət qiymətləndirdiklərini vurğulayıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB PA müşahidəçilərinin təmsil etdikləri ölkələrin bir-biri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğunu bildirib, bu cür missiyaların təşkilata üzv ölkələr arasında seçki təcrübəsinin mübadiləsi baxımından önəmini qeyd edib.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin də azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Tahir Budaqov bu seçkinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra bütün ölkə ərazisində keçirilən ilk parlament seçkisi olmasını xüsusi vurğulayaraq seçkiyə hazırlıq tədbirləri haqqında ətraflı məlumat verib, seçkilərlə bağlı fəaliyyətin partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli iclasında təsdiq etdiyi Tədbirlər Planı əsasında ölkənin seçki qanunvericiliyinə uyğun həyata keçirildiyini bildirib, missiya üzvlərinin suallarını cavablandırıb.