Türkiyədə kiçik qız 11 gün əvvəl yoxa çıxıb: "Haber Global" son göründüyü yerə getdi

31
Avq
17:18
thumb_down 0

Türkiyənin Diyarbakır vilayətinin Tavşantepe kəndində avqustun 21-də yoxa çıxan və 11 gündür tapılmayan 8 yaşlı Narin Güran adlı qızla bağlı istintaq davam edir.

Bu barədə seher.media "Haber Global"a istinadən xəbər verir.

"Haber Global" qızcığazın son dəfə görüntüləndiyi yerdən kadrlar paylaşıb.

Narinin yoxa çıxdığı ərazi havadan və qurudan qarış-qarış araşdırılıb. Onun son görüntüsü Tavşantepe orta məktəbinin təhlükəsizlik kameralarına əks olunub.

Qeyd edək ki, istintaq çərçivəsində əldə edilən yeni dəlillərə əsasən, Narin Güranın Tavşantepe kəndinin muxtarı olan əmisi saxlanılıb.

Həmçinin, Narinin valideynlərindən götürülən DNT nümunələri də Diyarbakır Ədliyyə Tibb Qurumuna təhvil verilib. Burada şübhəli şəxslə uşağın DNT nümunələri qarşılaşdırılacaq.

Xatırladaq ki, daha əvvəl istintaq çərçivəsində Narin Güranın böyük qardaşı, 18 yaşlı E.G. qolundakı dişləmə izləri səbəbilə nəzarətə alınmışdı. Lakin aparılan ekspertiza həmin izlərin Narinə aid olub-olmadığını müəyyən edə bilmədiyi üçün o buraxılmışdı.

Məsələ ilə bağlı bu günə kimi ümumilikdə 12 500 nəqliyyat vasitəsi yoxlanılıb, 130 nəfərin ifadəsi alınıb. Məhəllə ətrafında 16 kvadrat kilometrlik ərazidə axtarış işləri aparılıb.

Axtarışlar zamanı zəlzələ kimi fəlakətlərdə istifadə edilən yeraltı görüntüləmə cihazından da istifadə edilib.

Son olaraq, ərazidən iki kilometr aralıdakı dərədə başmaq tapılıb, lakin ailəsi başmağın qızlarına aid olmadığını bildirib.

İndiyə qədər aparılan axtarışlarda kiçik qıza aid hər hansı izə rast gəlinməyib.

Lakin Diyarbakır jandarm komandiri, general Selçuk Yıldırım qeyd edib ki, axtarışların dairəsi daralıb.

Türkiyədə kiçik qız 11 gün əvvəl yoxa çıxıb: "Haber Global" son göründüyü yerə getdi

Türkiyədə kiçik qız 11 gün əvvəl yoxa çıxıb: "Haber Global" son göründüyü yerə getdi