Türkcə danışmasam, başımı kəssinlər

8
İyl
13:36
thumb_down 0

Qan Turalı yazır...

İranda prezident seçkisinin nəticələri açıqlandı. Qarşıdakı dörd il ərzində İranı Məsud Pezeşkian idarə edəcək. Onunla bağlı mülahizələrdə ən çox etnik kimliyi qabardılır. Belə ki, o, azərbaycanəsillidir.

İranda prezident başqa ölkələrdən fərqli olaraq birinci yox, ikinci siyasi vəzifədir. Bu məqamı əsas gətirən bəzi pessimist tənqidçilər Pezeşkianın seçilməsinin İran siyasətində mühüm bir təsiri olmayacağını düşünürlər. Ancaq, bu, qüsurlu bir yanaşmadır.

Çünki siyasət bir çox cəhətlərin birgə mövcudluğu ilə yaranır. Bu mənada Pezeşkianın varlığı İran siyasətində köklü dəyişikliklərə gətirib çıxartmasa belə, İran siyasəti bir çox cəhətlər üzrə əvvəlki kimi olmayacaq. Keçmişdə də məhz bu cür olub, müxtəlif prezidentlərin dövründə İran fərqli siyasət yürüdüb. Eləcə nüvə sazişini xatırlamaq kifayətdir.

Pezeşkian bir çox cəhətlər üzrə maraqlı bir şəxsiyyətdir. O, Urmiyadan 100 kilometr cənubda yerləşən Məhabad şəhərində doğulub. Şəhərin əsas əhalisi kürdlər olsa da, azərbaycanlılar da burada yaşayırlar. Bu səbəbdən Pezeşkian kürd dilini də yaxşı bilir.

Ancaq Pezeşkianın bioqrafiyası sıx şəkildə Təbrizlə bağlıdır. O, Təbrizin Tibb Universitetini bitirib, Təbrizdə ürək cərrahı kimi çalışıb və bitirdiyi universitetin rektoru kürsüsündə oturub. 1994-cü ildən 1999-cu ilə qədər rektorluq edən Məsud Pezeşkian paralel şəkildə İranın səhiyyə nazirinin müavini, sonra isə səhiyyə naziri olub.

Pezeşkiyanın səhiyyə naziri işlədiyi (2001-2005) dövrdə baş verən bir hadisəni Türkiyənin İrandakı səfiri Bozqurd Aran belə xatırlayır: "O, səhiyyə naziri kimi mənimlə görüşə gəlmişdi. Görüşdə media da iştirak edirdi. O, görüşə Azərbaycan dilində başladı və Azərbaycan dilində danışığa davam etdi. Söhbət xeyli uzandı və jurnalistlər ondan xahiş etdilər ki, farsca da bir az danışsın, çünki reportaj efirə verilməlidir. Pezeşkian isə üzünü jurnalistlərə tutub dedi ki, türk səfirlə türkcə danışmasam, mənim başımı kəssinlər".

Bu hadisə bir çox cəhətlər üzrə diqqətəlayiqdir və indiki prezidentin dil mövzusunda necə həssas olduğunu göstərir. Ancaq bizə yaxşı məlum olduğu kimi, heç də bütün İran rəsmiləri Azərbaycan dilinə bu qədər həssaslıq göstərmirlər. O cümlədən azərbaycanlılar başda olmaqla digər xalqların hüquqlarına. Bu mənada Pezeşkianın prezidentliyinin əhəmiyyətini artırır.

İrandakı Məhza Əmini aksiyalarında da Pezeşkian meydana çıxan xalqın ideallarını, ideyalarını müdafiə edib və hökumətin sərt yanaşmanın dini dəyərlərə zidd olduğunu söyləyib. Bu məqam da Pezeşkianın prezidentliyi üçün əhəmiyyətli meyar sayıla bilər.

Pezeşkiyanın bioqrafiyasında bir məqam da ona olan xalq sevgisinin alovlanmasına səbəb olub. Belə ki, o, 40 yaşında ikən həyat yoldaşını və oğlunu avtomobil qəzasında itirib. Ondan sonra iki oğlunu və bir qızını özü böyüdən Pezeşkian evlənməyib. Uzun illər boyu çox adama məlum olmayan bu hadisə son dövrlərdə ictimaiyyətə geniş müzakirə olunub.

İran, ümumilikdə region mühüm dəyişikliklər astanasındadır. Xüsusilə də Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişi regionu dünya üçün daha cəlbedici bir yer halına gətirəcək. Belə bir kritik zamanda İranın başında Pezeşkian kimi prezidentin dayanması İran başda olmaqla bütün ölkələrin və xalqların maraq və mənafelərinə uyğun olacaq.