KÜÇƏ LAMPASININ QARA İŞIĞI...

11
İyl
18:28
thumb_down 0

Zülmət gecələrin qaranlığında əsir-yesir qalan bir yarasa kimi xarabalıq axtarırmış kimi dolaşır nimdaş geyimdə biri küçələri. Kimi axtarır görəsən özünü itirmiş kimi görünən bu üzünü məchulluq bürümüş biri? Yəqin gözlərinin altına kölgə salmış dərdi salıb onu dar küçələrin döngələrinə... Səndələyə-səndələyə,tənhalıq çökmüş divarlardan tuta-tuta səsləyir elə bil kimisə... Ürəyinin döyüntüsü batırıb sanki qulaqlarını da... Hıcqıra-hıcqıra bir adı pıçıldayır  titrəyən dodaqlarının arasında...

Sərxoş adam... İşıq düşən səkidən keçəndə yerdə kölgəsinə gözü sataşdı... Uzandı yerə, sarılıb gündə minlərlə ayaq izinin dəydiyi daşları öpə-öpə ağlayır... Bircə bunu duymaq oldu hönkürtüylə ağlayıb çəkdiyi o nalədən... HARDASAN ?

Sanki ayaq izlərini qoxulayıb yadında qalan o qoxu ilə gedib tapacaqdı öz yarıını. Bu nə nalədir, bu nə tükürpədici fəğandır, YA RƏBB. Tənha kişilərin dərdi özündən də ağır imiş ki...

Hava işıqlaşmağa doğru gedirdi. Sükut artıq itməyə başlayırdı maşın səslərinin fonunda... Get-gedə səslər artır,amma,gecədən bəri öz kölgəsinə sarılan tənha kişi oyanmırdı. Yoxsa, oyanmaq istəmirdi, ya bəlkə gözlərini açmağa ehtiyat edirdi onsuzluğa... Necə üzücüdür, soyuq cəsədin səkiyə sarılaraq ruhunun göylərə uçması...

Tapdımı görəsən gecədən bəri sayıqladığı sevgisini gözlərini yumandan sonra? Həsrətinə nə don geyindirəcək görəsən fələklər? Haqqına girən şeytan kimi kəslər sürüklədi onu sərxoşluğa. Bəlkə də heç içməmişdi, sadəcə dərdindən sərxoş idi, tənhalıqdan bezmiş kişi. Nimdaş xatirələrinə büründü kəfən əvəzinə. Torpağında rahat uyuyar, ruhunu da öldürdüyünüz soyuq cəsəd...

İnsanların ruhunu öldürməyin diləyi ilə SONA İNTİZAR.

11.07.2024/BAKI