Xidmət rəisi: "Naxçıvanda elektrik enerjisinin 55 faizi yaşıl enerjinin hesabına təmin olunur"

18
Okt
11:50
thumb_down 0

"Dövlət proqramına əsasən, yaşıl enerji istehsalı üçün 7 992 hektar ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xarici şirkətlərlə memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə "Texniki-iqtisadi əsaslandırma"ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq".

Bu fikirləri seher.media-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.

O bildirib ki, COP29 tədbirinə qədər sözügedən layihələrin təməlatma prosesi planlaşdırılır:

"İlkin mərhələdə gücü 30 meqavat olan yeni Günəş Elektrik Stansiyası yaxın zamanda tikiləcək. Artıq bu stansiyasının tikilməsi üçün 688 hektar ərazi ayrılıb. Görülən bu işlərin nəticəsində Naxçıvanda ümumi elektrik enerjisinin istehsalında yaşıl enerjinin payı illər üzrə davamlı olaraq artır. Belə ki, 2023-cü ilin doqquz ayında yaşıl enerjinin istehsal payı 35.1 faiz olduğu halda 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53.0 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55.0 faizi yaşıl enerjinin hesabına təmin olunur. Çaylarda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində ümumi elektrik enerjisinin 100.0 faizi yaşıl enerjinin payına düşüb".

Məhərrəm Əliyev