"Tramp hakimiyyətə gələn kimi erməniləri "bitirəcək" - Paşinyan Ermənistan tarixini dəyişir

15
İyl
21:36
thumb_down 0

Ermənistanda 7-ci sinif üçün nəzərdə tutulan "Ermənistan tarixi" dərsliyində Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi bu ölkədə əməlli-başlı rezonansa səbəb olmuşdu. Paşinyanın ölkəyə əl gəzdirmək siyasətinin davamı kimi qəbul edilən bu məqam Ermənistanı qarışdırmaqla qalmadı, səlahiyyətli şəxslərə qarşı təzyiqlərin artması ilə də nəticələndi.

Görünür, "təmizləmə siyasəti"nin davamı olaraq Paşinyan mövcud problemi kökündən həll etməyə qərar verib ki, artıq məktəblərdə və universitetlərdə tədris olunan "Erməni xalqının tarixi" fənni "Ermənistan tarixi" adlanacaq. Düzdür, Paşinyan bunu millətçilik ənənəsindən dövlətçilik ənənəsinə qədəm qoymaqla səciyyələndirib, lakin buna baxmayaraq, baş nazirin bu addımı yenə də birmənalı qarşılanmayıb və erməni tarixini məqsədyönlü dəyişdirmək kimi qiymətləndirilib.

Qeyd edək ki, erməni hökumət başçısı bundan əvvəl də xalqı dəfələrlə Ermənistan tarixi ilə bağlı miflərə inanmağa deyil, reallıqla barışmağa çağırmış, hətta Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıdığını, Ermənistanın isə 29,8 min kvadrat kilometr ərazisi olduğunu şillə kimi erməni cəmiyyətinin üzünə çırpmışdı. Bu baxımdan, Paşinyanın sözügedən addımı da daxili auditoriyanı Ermənistanın əsl tarixi ilə barışmaq istiqamətində atdığı addımlardan biri kimi dəyərləndirilə bilər. Axı rəsmi İrəvan da yaxşı başa düşür ki, Ermənistan "Böyük Ermənistan" saxtakarlığından imtina etməsə, qonşularına qarşı ərazi iddialarından əl çəkməsə, bu ideyaları konstitusiyasından çıxarmasa, sülh və regional sabitlik mümkün olmayacaq. Halbuki, bu, Azərbaycandan daha çox, dalana dirənən Ermənistana lazımdır.

Sabiq deputat, siyasi elmlər doktoru Cümşüd Nuriyev mövzu ilə bağlı seher.media-ın suallarını cavablandırıb:

- Cümşüd müəllim, Paşinyan "Erməni xalqının tarixi" fənnini "Ermənistan tarixi"nə dəyişir. Üstəlik, bundan əvvəl də Ermənistanda tədris olunan 7-ci sinif tarix kitabında da Qarabağ Azərbaycan ərazisi kimi göstərilmiş və bu, Ermənistanda ciddi etiraz dalğası yaratmışdı. Nə baş verir? Paşinyan Ermənistan tarixini niyə dəyişir?

- Paşinyanın "erməni tarixi"ni "Ermənistan tarixi"nə dəyişməsi məqsədyönlüdür və onun daha bir hiyləgərliyidir. Əslində, Ermənistanın dövlət kimi tarixi 1918-ci ildən başlayır. Ondan əvvəl Ermənistanın heç kiçik miqyasda, hətta indiki bələdiyyə orqanı səviyyəsində belə, hansısa dövlət qurumu olmayıb. Onlar da naəlac erməni tarixini şişirdib təsəlli tapmağa çalışıblar. Paşinyan bir növ bununla ermənilərə mesaj verir ki, həqiqətlə artıq barışsınlar. Hətta bu istiqamətdə müzakirə üçün ermənilərin "son 106 il tarixi" ilə bağlı iddiaları da gündəmə gələ bilər. Ona görə də Nikol ən azı yaxın gələcəyə hesablanan və yaşı az olan Ermənistan dövləti olduğunu gündəmə gətirir, bu ideyanı ermənilərə təlqin etməklə "Böyük Ermənistan" mifindən kənarlaşdırmağa çalışır. 7-ci sinif tarix kitabında Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi də bu həqiqətin etirafıdır. Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və qəbul edəcək də. Çünki onlar da çox gözəl bilirlər ki, Qarabağa ermənilər 1828-ci ildən sonra köçürülməyə başlayıblar və ona görə də ermənilərin "Qarabağ tarixi" deyilən bir tarixi yoxdur. Qarabağ Azərbaycan ərazisi olub və hər zaman belə də olacaq.

- Bu, Paşinyanın "Böyük Ermənistan" mifi ilə bağlı "təmizləmə siyasəti"nin davamı sayıla bilərmi?

- Paşinyan çox gözəl bilir ki, "Böyük Ermənistan" mifi erməni kilsəsinin layihəsidir. Kilsənin buradakı məqsədi isə bizneslə bağlı olub. Çünki Ermənistan dövlət olsaydı, onda kilsə niyə özünü dövlət kimi aparırdı? Axı Ermənistan teokratik dövlət də deyil. Üstəlik, apardığım araşdırmalara əsasən də deyə bilərəm ki, ermənilər dünyada yeganə millətdir ki, hərəsi bir məzhəbə qulluq edir. Məsələn, Ermənistan ərazisindəki ermənilər qriqoryandırlar, Fransadakı ermənilər - katolik. Almaniya, İsveçrə və İngiltərədəki ermənilər protestantdırlar. Rusiyada yaşayan ermənilərin bir hissəsi pravoslav, Türkiyədə yaşayan hamşen erməniləri isə müsəlmandırlar. Hətta bunlar arasında iudaizmə mənsub olanlar, Livan və Suriya ermənilərinin içində isə ələvilər belə var. Yəni bunlar hansı mühitdə yaşayırlarsa, o xalqın, dövlətin həm dilini, həm dinini, həm mədəniyyətini, həm də digər özünəməxsus xüsusiyyətlərini oğurlayıb, özününküləşdirirlər. Əgər bu sadaladıqlarım onlarda var idisə, niyə başqasından oğurlayırlar? Çünki bu bir daha sübut edir ki, ermənilərin dövlətçilik ənənəsi olmadığına görə özlərində çatışmayan cəhətləri başqalarından oğurlayırlar. Paşinyan da bir növ onları əhliləşdirmək üçün bu miflərdən uzaqlaşdırmaq istəyir. Ona görə də bu siyasət "dəyişdirmə, təmizləmə" siyasəti adlana bilər.

- Dəyişiklik, saxta ənənələrə əl gəzdirmələr hara qədər davam edə bilər və biz bunu daha hansı istiqamətlərdə görə bilərik?

- Ermənistan dövlətinin tarixi yenidən yazılmalıdır. Çünki ermənilər o qədər yalan danışırlar ki, əksi mümkün deyil. Məsələn, 2005-ci ildə Sergey Mamulov Moskvada erməni tarixinə həsr etdiyi kitabda onların bütün yalanlarını faktlarla sübut etmişdi. Kitab işıq üzü görəndən sonra ermənilər az qala havalanmışdılar. Eyni zamanda, ömrünün sonuna qədər Amerika Birləşmiş Ştatlarında yaşayan erməniəsilli alim Nina Qarosyan araşdırmalarla sübut etmişdi ki, dünyada ümumiyyətlə erməni dövləti olmayıb. Siyahını uzatmaq da olar ki, başqa erməni tarixçiləri də araşdırmalarla sübut ediblər ki, mənsub olduqları erməni milləti hər şeyi türklərdən oğurlayıblar. Sonra oğurladıqlarını erməni dilinə tərcümə edib, kilsədə istədikləri formada dəyişdiriblər. O cümlədən, erməni qriqoryan kilsəsinin mərkəzi olan Üçkilsə şəhərində saxlanılan bütün sənədlərdə birbaşa göstərilib ki, bu torpaqlar türklərindir və ona görə də həmin sənədləri gizlədir, üzə çıxarmırlar.

- Bəs aparılan bu islahatlar yekunda konstitusiya dəyişikliyinə qədər gedib çıxa bilər? Çünki Azərbaycan əks halda sülhün mümkünsüz olduğunu deyib.

- Ermənistan konstitusiyasında dəyişiklik etməsə, Azərbaycan, onsuz da, sülh sazişi imzalamayacaq. Ermənilərin isə başqa yolu yoxdur. Xatırlatmaq yerinə düşər ki, 1993-cü ildən etibarən qardaş Türkiyə də Ermənistanı tanımır və yalnız Vətən müharibəsindən sonra münasibətləri yaxşılaşdırmaq istəsə də, ermənilərin növbəti həyasızlığı buna mane olub. Ermənilərə mane olan isə ABŞ və Fransadır. Fransada Makron rejimi, ABŞ-də isə Demokratlar Ermənistanı dəstəkləməklə münasibətlərin normallaşmasına əngəl törədirlər. Donald Tramp hakimiyyətə gələn kimi erməniləri "bitirəcək". Ona görə də ilin sonuna qədər sülh sazişinin imzalanmasına inanmıram, bu proses uzanacaq. Amma ermənilərin xislətinə uyğun olaraq təqdim etdikləri sülh sazişini də Azərbaycan imzalamayacaq.

Aqil Vəlili