"Dərin dövlət"in adamı və dünyaya baş qoşmaq istəməyən respublikaçı: Bayden meydanı kimə ötürür?

22
İyl
16:54
thumb_down 0

Amerika Birləşmiş Ştatlarının hazırkı Prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb. O, seçki yarışında vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyəcəyini bildirib. Yəqin ki, bundan ilhamlanan vitse-prezident Kamala Harris noyabrda keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib.

Təbii ki, Baydenin nəinki dövləti, hətta özünü idarə etməkdə çətinlik çəkməsi ilə bağlı diqqəti çəkən məqamlar fonunda Respublikaçılar Partiyasının namizədi, sabiq prezident Donald Trampın iyulun 13-də sui-qəsdə məruz qalması və bunda məhz Baydenin adının hallanması qoca Conun seçki marafonundan geri çəkiləcəyini istisna etmirdi ki, belə də oldu. Əslində, Kamala Harrisin də Baydendən fərqli siyasi kurs həyata keçirməyəcəyi məlumdur, Donald Tramp isə köklü dəyişiklikləri ön plana çəkir və dünyanın işlərini deyil, daxili problemləri həll etməyi əhəmiyyətli hesab edir. Hətta onun prezidentliyi dövründə ABŞ-nin iştirak etdiyi müharibələrdə fəaliyyətinin azalması Trampı Vaşinqtonda olmasa da, beynəlxalq ictimaiyyət arasında dəstəklənən liderə çevirmişdi.

Bir sözlə, mövcud gedişatı, təhlillər və proqnozları nəzərə alsaq, Kamala Harrisin Baydeni əvəzləyəcəyini demək olarmı? Ümumiyyətlə, hansı namizədin hakimiyyətə gəlməsi dünya siyasəti üçün daha faydalı olardı? Eləcə də Tramp yenidən hakimiyyətə gələrsə, həm Cənubi Qafqaz regionu üçün, həm də geosiyasi mənada hansı dəyişikliklər ola bilər?

Mövzunu seher.media-a yerli və xarici ekspertlər şərh ediblər.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayza hesab edir ki, Baydenin yerinə Demokratların namizədinin son nəticədə kim olacağı bəlli deyil:

"Bayden onun əvəzinə Kamala Harrisin namizəd olmasını istədiyini, lakin buna zəmanət verə bilməyəcəyini dedi. Eyni zamanda, Baydenin fikri, təbii ki, varis namizədin kim olacağına qərar verəcək, Demokratlar Partiyasının digər səlahiyyətlilərinin fikirlərinə təsir edəcək.

Hesab edirəm ki, Baydenin əvəzinə Demokratların namizədinin kim olacağı istiqamətində aparılan danışıqlar rəqabətli olacaq. Bəlkə də, növbəti bir neçə həftə ərzində mini ilkin müsabiqə və ardınca üç həftə ərzində Çikaqoda Demokratik Milli Konvensiyada səsvermə keçiriləcək".

Sabiq diplomatın fikrincə, Trampın, yaxud Baydenin - hansının ABŞ və dünya siyasəti üçün daha faydalı olacağını demək çətindir:

"Bu, qeyri-müəyyən məsələdir. Lakin onların hansının Azərbaycana daha sərfəli olacağını nəzərdə tutursunuzsa, cavab ya ikisi də, ya da heç biridir. Çünki nə Azərbaycan, nə də Cənubi Qafqaz ABŞ-dəki seçki ilə mənfi və ya müsbət şəkildə əlaqəlidir".

Türkiyəli politoloq Engin Özer isə hesab edir ki, son anketlərdə Donald Trampın Co Baydendən irəlidə olması, eləcə də Baydenin yaşının çoxluğundan qaynaqlanan sağlamlıq problemləri ABŞ seçicisində Demokratlara qarşı inamsızlıq yaratmışdı:

"Dolayısı ilə Baydenin daha bir müddət dövləti idarə edə bilməyəcəyi məlum idi. Lakin ümumi olaraq Demokratlar Partiyasının Respublikaçılar Partiyası qarşısında geri düşməsinin əsas səbəbi Baydenin səhhətindəki problemlər deyil, siyasi kursundakı əldə olunan nəticələrdir".

"Məlum olduğu kimi, Trampın prezidentliyi dövründə ölkə xaricində fəaliyyət göstərən ABŞ şirkətlərinin ölkəyə geri qayıtması təmin edilmiş və onlara bəzi imtiyazlar verilmişdi. Xüsusən də Çində fəaliyyət göstərən bir çox ABŞ şirkətləri geri qaytarılmışdı. Yəni Tramp ölkə iqtisadiyyatının daha çox inkişaf etməsi üçün ciddi qərarlar vermişdi və nisbətən uğurlu olmuşdu.

Demokratlar isə daha çox qlobalist səviyyədə məsələlərə münasibət göstərirlər, məsələn, ABŞ şirkətlərinin başqa ölkələrlə ticarəti onları narahat etmir. Lakin həmin şirkətlərin ölkəyə geri qayıtması ilə bərabər, koronavirus pandemiyasının yayılması Trampın fəaliyyətinə maneələr yaratmış və bu da hökumət daxilində problemlərin çoxalması ilə özünü göstərmişdi. Üstəlik, ölkədə bir qrup da var idi ki, Baydenin miqrant siyasətinə qarşı çıxırdı.

Bunun xaricində ABŞ-nin dünya siyasətindəki uğuru Bayden dövründə ciddi şəkildə azalmağa başladı. Bu da amerikalıların sərt reaksiyasına səbəb oldu. Kamala Harrisin prezidentliyə namizəd olması isə nəticələrə təsir etməyəcək və böyük ehtimalla Tramp qələbə qazanacaq. Lakin bu, həm də Baydenin ikinci dəfə məğlub olmaması fonunda baş verəcək. Demokratlar da elə də ciddi olmayan namizədin məğlub olmasına göz yumacaqlar", - deyə Özer vurğulayıb.

Müsahibimiz Trampın qələbə qazanmasının Azərbaycan üçün də faydalı ola biləcəyi qənaətindədir:

"Cənubi Qafqaz regionunda Ermənistanın pozucu fəaliyyətlərinə görə hələ də gərginlik hökm sürür. Tramp gərginliyin sona çatmasında rol oynaya bilər. Çünki onun siyasi xəttində də ABŞ hökumətinin qlobal qarşıdurmalara qarışmamasına xüsusi yer verilir və biz onun hakimiyyəti dövründə buna şəxsən şahid olmuşuq.

O cümlədən, Tramp Türkiyə üçün də faydalı ola bilər. Ehtimal olunur ki, onun sayəsində Suriyanın şimalında PKK/YPG terror təşkilatları ilə Türkiyə arasında razılaşma əldə edilə bilər. Bu baxımdan da Trampın Baydenə görə daha münasib olduğunu deyə bilərik".

"Digər məsələ isə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Tramp artıq bu qarşıdurmada ABŞ-nin vasitəçi olmayacağını bildirib və belə olan halda, Trampın qələbə qazanması fonunda Rusiya-Ukrayna müharibəsinin noyabrda dondurulacağını deyə bilərik. Lakin Trampın əsas mənfi cəhəti İsraili qeyd-şərtsiz dəstəkləməsidir. Məsələn, Bayden bəzi məsələlərdə İsrailə qarşı tənqidi fikirlər səsləndirirdi, lakin Trampda bu olmayacaq. Dolayısı ilə Tramp Yaxın Şərqdə mənfi nəticələrə gətirib çıxara biləcək qərarlar verə bilər", - türkiyəli şərhçi fikrini yekunlaşdırıb.

Siyasi şərhçi İlyas Hüseynov isə bildirib ki, Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkisi çox böyük mübarizəyə və intriqaya səbəb olacaq:

"Xüsusən də Respublikaçıların vahid namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi onu deməyə əsas verir ki, bu seçki çox yüksək hərarətlə keçəcək. Artıq Demokratların namizədi hazırkı Prezident Cozef Baydenin əvəzinə vitse-prezident Kamala Harrisin seçkiyə qatılması Demokratların siyasi qərarı kimi dəyərləndirlir. Amma mənə görə, Donald Tramp Kamala Harrisə nisbətdə bir qədər üstündür. Bu baxımdan, debatlarda, müxtəlif çıxışlarda Tramp Harrisdən üstün olduğunu göstərəcək".

"Digər tərəfdən, qeyd etmək lazımdır ki, ABŞ-nin yeni seçiləcək prezidentinin Cənubi Qafqazda gedən geosiyasi proseslərə münasibəti də bizim üçün çox maraqlıdır. Bir xatırlatma edim ki, Trampın hakimiyyətinin son günlərində 44 günlük Vətən müharibəsi başladı və biz tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdik. Eyni zamanda, Şuşada keçirilən II Qlobal Media Forumunda TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Prezident İlham Əliyevə bununla bağlı sualına ölkə başçısı siyasi etikaya uyğun cavab verdi və dövlətimizin mövqeyini diqqətə çatdırdı", - deyə Hüseynov vurğulayıb.

Analitik əlavə edib ki, ABŞ-nin yeni prezidenti dünyanın müxtəlif yerlərində cərəyan edən siyasi eskalasiyaları, müharibələri dayandırmağa çalışmalı, sülhün və təhlükəsizliyin, tərəfdaşlıq münasibətlərinin, iqtisadi-ticari münasibətlərə yönələn bərabərhüquqlu münasibətlərin formalaşmasına xidmət etməlidir:

"Eyni zamanda, əksini də deyə bilərik ki, gərginliyin artması etnik, dini, irqi ayrı-seçkiliyi inkişaf etdirə bilər ki, yeni prezident buna görə sabitləşdirici və konsensusun tapılmasına yönələn addımlar ilə öz fövqəlgücünü əyani şəkildə sübuta yetirməlidir".

Beynəlxalq münasibətlər üzrə şərhçi Samir Hümbətov isə vurğulayıb ki, Baydenin seçkidə iştirak etməyəcəyi məlum idi:

"Yəqin ki, səhhətində yaranan problemlərlə əlaqədar partiya daxilində olan təzyiqlər onun seçkidə iştirakını məhdudlaşdırdı. Digər tərəfdən, Kamala Harris kifayət qədər nüfuzlu şəxsdir. ABŞ "dərin dövləti"nin, həm də qlobalistlərin əsas fiqurlarından biri hesab edilir. Yəni Harris Bayden administrasiyasında "boz kardinal" olub. İndiki məqamda Harrisin qalib gəlmək şansı var. Lakin Trampın da şansının çox olduğu məlumdur. Xüsusən də sui-qəsd hadisəsindən sonra bu şans daha da artıb.

Nəzərə almaq lazımdır ki, ABŞ-də kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, idarəetmə mexanizmi ABŞ "dərin dövləti"nin və ümumiləşdirilmiş sistemin əlindədir. Yəni istər Kamala Harris olsun, istərsə də Tramp - ABŞ dövlətinin maraqları hansı istiqamətdədirsə, prezident də həmin siyasi kursa tabe olacaq".

S.Hümbətovun sözlərinə görə, yeni dövr ABŞ siyasətində Azərbaycana münasibətdə dəyişiklik olacağı gözlənilmir:

"Namizədlərin heç biri Azərbaycanla münasibətləri gərginləşdirməyəcək. Onların regiona münasibətləri aydındır. Çünki onların regionla bağlı maraqları var və bu maraqlar Azərbaycanın razılığı olmadan təmin oluna bilməz. Trampın regiona münasibəti isə onsuz da bəllidir. O, Cənubi Qafqaza və Azərbaycana qarşı mənfi qərarlar qəbul etməyəcək".

Aqil Vəlili