Avrokomissar: "COP-un uğurla təşkilində Azərbaycana kömək etməyə hazırıq"

11
Okt
21:35
thumb_down 0

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə əsas töhfəsi onun COP29 konfransına uğurlu sədrliyi olacaq.

Bu barədə "Report"un sualını cavablandıran Avropa İttifaqının iqlimin mühafizəsi üzrə komissarı Vopke Hukstra jurnalistlərə bildirib.

"Dünyanın COP-un güclü liderliyinə ehtiyacı var və burada sədrliyin rolu da son dərəcə vacibdir. O, təkcə prosesə töhfə verməməli, həm də lider olmalıdır. Bu konfransın uğurla təşkilində Azərbaycana kömək etməyə hazırıq", - avrokomissar deyib

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı, öz növbəsində, iqlim dəyişikliyi ilə mübarizədə şəffaflığın təmin edilməsini və maliyyələşdirmənin artırılmasını prioritet hesab edir.

"Birincisi, hamımız şəffaflıqda maraqlıyıq, çünki əks halda ölkələrin əslində nə etdiyini qiymətləndirə və başa düşə bilməyəcəyik. İkincisi, daha çox vəsait cəlb etməliyik, dövlət və özəl sektordan maliyyələşməni artırmalıyıq. Avropa İttifaqı nəzərdə tutulduğundan artığını etməyə davam edəcək, amma digər ölkələrin də öz üzərinə düşəni etmələri vacibdir. Bu cür sərmayələri yatırmağa qadir olan ölkələr var və onlar da bu məsuliyyəti öz üzərinə götürməlidirlər", - avrokomissar vurğulayıb.