Respublika Klinik xəstəxanasının Endokrinologiya şöbəsində özbaşınalıq, haqsızlıq və baxımsızlıqdan yaranan LAQEYD XİDMƏT

2
İyn
12:45
thumb_down 0
Bu gün ölkə səhiyyəsində insan sağlamlığının qorunması sahəsində xidmət göstərən və peşəsinin tələblərinə layiqincə əməl edən ağxalatlı şəxslər azdır. Bəzi xəstəxanalarda özbaşınalıqlar, haqsızlıqlar baş alıb gedir. Əfsuslar olsun ki, bu yeni hal deyil.
 
Belə ki, bir neçə gündür Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsində stasionar müalicə alıram. Bu səhiyyə ocağında baş alıb gedən özbaşınalıqla yanaşı baxımsızlıqdan və xəstələrə dərmanların vaxtında tam şəkildə verilməməsinin şəxsən şahidi oldum.
 
Xüsusilə qeyd etmək istəyirəm ki, Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinin dərman təchizatı çox aşağı səviyyədədir. Görəsən şöbədə dərman niyə uzun fasilələrlə verilir və yaxud müəyyən səbəblər gətirilərək verilmir? Gün ərzində şöbədə cəmi iki-üç tibb bacısı çalışır, bu da xəstələrin haqlı narazılıqlarına səbəb olur. Sizcə bu nə dərəcədə doğrudur? Şöbənin həkimlərinin stasionarda müalicə alan xəstələrə ayırmağa vaxtı yoxdur. Onların bütün günü poliklinika şöbəsində olduğu deyilir, bunun səbəbi və izahı isə bizə məlum deyil.
 
“Respublikanski” kimi tanınan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında pasientlərə qeyri-qənaətbəxş, bərbad münasibət göstərilir. Həmişəki kimi şablon müalicə – o da ola, ya olmaya. Xəstələrin qida təminatı da dərman kimi ağılasığmaz dərəcədə bərbaddır. Amma bizə məlum deyil ki, həqiqətən də xəstələrə ayrılan qida təminatı elə bu səviyyədə təşkil edilib, yoxsa xəstələrə çatana qədər yolda “buxarlanıb”. Xəstəxanada olan bu və ya digər neqativ halların şahidi kimi deyə bilərəm ki, bu gün endokrinologiya şöbəsində malicə və xidmət olduqca aşağı səviyyədə olduğuna görə onların tibbi xidmətindən imtina etmək məcburiyyətində qaldım.
 
Jurnalist və vətəndaş kimi aidiyyatı orqanlardan xahiş edirəm ki, bu məsələ ilə bağlı hərəkətə keçsinlər. Xəstəxanada olan özbaşınalıqlara, haqsızlıqlara qarşı tədbir görsünlər. Bu kimi özbaşnalıqlar xəstələri, ümumiyyətlə vətəndaşları cənab Prezidentimizə, dövlətimizə qarşı narazı salır. COP29-la bağlı yüzlərlə xarici ölkə rəsmlərinin Azərbaycana dəstək verdiyi bir vaxtda bu mühüm səhiyyə ocağındakı belə dözülməz vəziyyət ölkəmizi həqiqətən də gözdən salır.
 
Ümid edirəm ki, etdiyim müraciətə biganə yanaşılmayacaq, TƏBİB bu özbaşnalıqla bağlı Respublika Klinik xəstəxanasının sözügedən şöbəsinin özündənrazı tibbi personalı ilə bağlı lazımı ölçü götürəcək, işdə müqəssir olanları tezliklə layiqincə cəzalandıracaq.
 
Aqil Adiloğlu