GÜLƏR BƏBİROVANIN 233 SAYLI MƏKTƏB "BAZARI"

7
Okt
15:20
thumb_down 0

Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən Cəmil Niftəliyev adına 233 saylı tam orta məktəbin direktoru GÜLƏR BƏBİROVANIN hegemonluğu, qanunsuz əməlləri davam edir. Dəfələrlə şagirdlərin dərs vaxtı dava salmağına şahidlik edən, dərsdən yayınmalarına göz yuman və şərait yaradan rəhbərlik buna susub bir çarə tapa bilmirsə, deməli təhsil ocağında yaranan xaosun, özbaşınalığın birbaşa günahkarıdır. Biri 4 mərtəbə, digəri 2mərtəbə olmaqla 2 korpus ilə uşaqlara təlim-tədris keçən, təhsil verən bu məktəbin direktoru nədənsə özünü nazir kimi aparır. Qapısına gedib salam vermək üçün birinci gərək növbəti həftə üçün uyğun "REZERV" gün olmalıdır, ikincisi isə səni məktəbin qapıçısından tutmuş müavinləri Azər, Vüqar, Eşqəli və əlaltısı Şəbnəm adlı birisi "ələkdən" keçirməlidir. Sonra - "DİREKTOR" İşdə Yoxdur - deyəcək, sonra bəhanələr gətirəcək, daha sonra isə məlum olacaq ki, sən demə "direktor" heç kimlə görüşmək istəmir. Halbuki direktor məktəbin məsuliyyətini daşıya bilən şəxsə deyilir.

233 saylı tam orta məktəbdən 2024- cü il başlar - başlamaz valideynlər artıq şikayət etməyə başlayıblar.

Redaksiyamıza daxil olan məlumata əsasən Avqust-Sentyabr ayında 7manatdan müəyyən siniflərdən pul vəsaiti TƏMİR adı ilə yığılıb. İddiaya görə tədris ili başlamamış valideyn komitəsi adı ilə yaradılan qrupa kart hesabı atılaraq sinif üçün jalüz-pərdə almaq adı ilə 10 manatdan pul yığılıb. A4 vərəqlərini siniflərə şagirdlərdən adambaşı 5 manat yığılıb və ya A4 paçkası almaq tapşırılıb, idman dərsi üçün uşaqlardan 2 manat top pulu adı ilə yığılıb və s. məqsədlər üçün bəhanə edilərək pul vəsaitləri toplanılıb. Müəllim günü ilə əlaqədar valideyn qruplarında 40 manat və ya paket şəklində kim nə istəsə versin deyilərək, zərfə qoyub müəllimə verilməsi tapşırılıb. Bu da valideynlərin haqlı narazılığına səbəb olub.

Əldə etdiyimiz məlumata görə 07.09.2024 tarixində məktəb rəhbərliyi tərəfindən valideynlər "NAZİRLİKDƏN YOXLAMA GƏLƏCƏK" adı ilə iclasa çağırılıb. 

Məsələ sadəcə qanunsuz pul vəsaiti toplamaqla bitmir, müəllim heyəti uşaqları məcburi qaydada hazırlığa gəlmələrini tələb edirlər. Eləcə də, ibtidai sinif rəhbərləri tərəfindən kitab satışı həyata keçirilir.

"Səhər Media" xəbər portalı olaraq, Bakı Təhsil idarəsinə, ELM VƏ TƏHSİL NAZİRLİYİNƏ 233 saylı tam orta məktəbdə baş verən bu neqativ halın araşdırılması üçün tədbir görmələrini xahiş edirik.

PS. Faktla bağlı adı çəkilən 233 saylı tam orta məktəbə yaxınlaşsaq da, müavinlər tərəfindən "mühafizə olunan" direktorun "qəbuluna" düşə bilmədik. Məktəb direktoru GÜLƏR BƏBİROVAYLA əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Məsələ diqqətimizdədir.