Azərbaycanlı zəvvarların ilk qrupu həccə yola düşdü

4
İyn
06:54
thumb_down 0

İyunun 4-də Azərbaycandan həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb.

seher.media xəbər verir ki, onları yola salmaq üçün ilk dəfə olaraq Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəlib. O, həcc ziyarətinə gedənlər üçün dualarını çatdırıb, uğur arzulayıb:

"Azərbaycandan olan ilk zəvvar qrupunu, bacı və qardaşlarımızı həcc ziyarətinə yola salmaq üçün gəlmişik. Onların ikinci ölkəsi olan Səudiyyə Ərəbistanına gedirlər. Əmin ola bilərsiniz ki, Səudiyyə Ərəbistanının kralı, vəliəhdi bütün imkanları səfərbər ediblər ki, həcc ziyarətinə gələn zəvvarlara gözəl xidmət göstərsinlər.

Allahdan istəyirəm ki, onların həcc ziyarəti qəbul olsun. Arzu edirəm ki, Azərbaycana gözəl xatirələrlə və sağlam şəkildə geri dönsünlər.

190 ölkədən gələn müsəlmanların idarə olunması heç də asan məsələ deyil. Müxtəlif mədəniyyətlərə sahib olan və müxtəlif yaşda olan insanları idarə etmək çətindir, bu, çox iş tələb edir, lakin şükür Allaha ki, Səudiyyə Ərəbistanı Krallığı bu cür insan axınlarını idarə etməkdə böyük təcrübəyə malikdir. Bu da öz -özünə yaranmayıb. Səudiyyə Ərəbistanın təqdim etdiyi xidmətlərin nəticəsidir. Allahın qonaqları üçün bütün xidmət imkanlarının hamısını bu sahəyə səfərbər edirlər. Mənim də bu gün burada olmağım, Azərbaycandan olan zəvvarları ilk dəfə yola salmağım - bu ölkəyə olan qardaşlıq hörmətim və diqqətimdir. Arzu edirəm ki, sağ-salamat öz ölkələrinə geri qayıtsınlar".

Qeyd edək ki, Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edir. Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

Daha çox foto burada: PhotoStock.az

Almaz Qasımova