Baltala bizi, sənətkar!

24
İyl
17:36
thumb_down 0

Kubra Məhərrəmova yazır...

İki gündür hadisələrin sürətinə çata bilmirik.
Çünki son bir sutka ərzində o qədər hadisə vaqe olub ki, birinin şokundan çıxıb, o birisinə yaxalanırıq.

Birinci hadisə məşhur kinorejissoru Stenli Kubrikin "The Shining" filmini xatırlatdı. Səhnə yəqin ki, yadınıza düşdü. Əlində balta qapını parçalayan dəli qəhrəman qurbanını məhv etmək istəyir. Film dəhşət-triller janrında çəkilsə də, dünyanın bir sıra mükafatlarına layiq görülüb. Nə isə, qayıdaq Bakıda vaqe olan Xalq artisti və balta məsələsinə...
Əvvəl dedilər ki, "o boyda Xalq artistinə şər atır klinikanın rəhbərliyi, olmayıb elə şey".
Sonra dedilər ki, "a kişi, klinikada balta nə gəzir? Yalan şeydir".
Axır görüntülər ortaya çıxdı, gördük ki, Xalq artisti Ağadadaş Ağayev klinikanın mühafizəçisinə balta tolazlayır. Mühafizəçi cəld tərpənərək ona tuşlanan baltadan yayına bilir. Amma balta klinikada çalışan xanıma dəyir və onu yaralayır. Klinikadan verilən məlumata görə xanım müalicə alır.


Bura qədər məsələ aydındır. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə isə məsələ araşdırılır.
Dünən axşam saatlarında isə Xalq artisti açıqlama yaydı ki, "bəs böyüdüləsi məsələ yoxdur, axşam özüm canlı yayım açacağam".
"Canlı" filmin növbəti yeni epizodu ola bilərdi, amma olmadı. Olan isə sosial şəbəkələrdə yazılan fikirlər oldu.
"Xalq artistidir, kişi ilə işiniz olmasın!", "Yaşlı adamdır, bəsdirin!", "Sənə nə var?", "Xərçəng xəstəsidir, psixoloji vəziyyəti normal olmaya bilər" və s.
Əvvəla ondan başlayaq ki, Azərbaycanda təqribən 62 000 xərçəng xəstəsi var. Əminəm ki, çoxlarının Xalq artistinin aldığı müalicəni əldə etmək imkanı məhduddur. İndi təsəvvür edin ki, 62 000 xəstə əlində balta, düşür küçələrə. "Hərəyə bir mühafizəçi vuraq" şüarı ilə.
Sizcə necə olar? Məncə Stenli Kubrikin ağlına belə gəlməz bu film.
İkinci məsələ, "Sənə nə var?" məsələsi... Dəyərli və çox gözəl insanımız. Diqqət və nəzərinizə çatdırım ki, mənim kimi insanlar illərdir işləyir və dövlətə vergi ödəyirlər. Bu ölkədə, cəmiyyətdə baş verən hər bir hadisənin bu və ya digər dərəcədə mənə və bizə aidiyyəti var. Necə ki, bir şey olur elektron poçtla şikayətlərinizi göndərirsiniz ki, "jurnalistsən, araşdır, mənim haqqımı tələb elə". Əziz qardaşlar və bacılar, indi də imkan verin öz haqqımızı tələb edək.

Niyə əlində balta ilə küçələrə çıxan adam, ətrafa təhlükə yaradan insanın üstündən keçməliyik? O balta, qadına dəyməyib, elə klinikaya gələn hamilə qadına və ya körpə uşağa dəysəydi, nə olacaqdı?
Niyə öz haqqımızı tələb etməyək?
Üçüncüsü, Xalq artistidir, Allah canını sağ eləsin. Amma və lakin illərlə toylarda, bahalı məclislərdə, banketlərdə oxuyan adamı niyə digərindən üstün tutursunuz? Bəli, bəli. Sualım sizədir? Niyə kimsə ara yerdə baltadan xəsarət alan qadını soruşmur?
Sizin ana-bacınız deyil, ona görə?
Dördüncüsü, deyirsiniz ki, mühafizəçi doğru etməyib, "yaşlı" adamla əlbəyaxa olub. Sual verirəm, sizə balta atsaydılar, gedib Xalq artistini qucaqlayacaqdınız?
Əgər ki, siz eləsəniz, deyərəm Mövlanəsiniz.
Amma ki, heç kim Mövlanə deyil. Avtobusda yer verməyən kimi cavanları əzirsiniz. Küçədə qısa geyinən qızı təhqir edirsiniz. Tatusu olan gəncləri "adam yerinə" qoymursunuz.
Bu, hələ sadaladığım hadisələrin ən qısa siyahısıdır. Haradan oldunuz Tibet rahibi?
Ona görə də, yalandan özünü İmam övladı kimi göstərmək lazım deyil .
İndi keçirəm bu gün yayılan digər videogörüntülərə.
Bu hadisə isə Türkiyə filmlərini xatırlatdı.
Ər arvadını pəncərədən yerə atmadan əvvəl onunla video çəkib və qadın da ona xəyanət etdiyini etiraf edib. Ər arvadına videoda deyir ki, "axı səni pis yoldan çəkdim, aborta apardım, mala oturmuşdun və s. kömək etdim, amma sən yenə də mənə xəyanət etdin". Qadın da təsdiqləyir. Uzun sözün qısası, sonra ər arvadı pəncərədən atır aşağı. Hadisə nəticəsində isə qadın ölür.
Bu hadisə də film kimidir. Dramatikliyi, kuliminasiyası və finalı ilə.
Filmin qəhrəmanları həqiqəti, öz talelərini oynayırlar. Düşünürəm ki, ər əvvəlcədən özü üçün müəyyən edibmiş arvadını qətlə yetirməsini. Amma "gəl bir video çəkim" düşünməsi, özü üçün sanki alibilərin toplanması məqsədini daşıyır. Və videodakı insanlıq faciəsi, dramatiklik və Azərbaycan cəmiyyəti üçün vacib olan namus-qeyrət üstündə qan tökülməsini ehtiva edir. Kaş ki, biz nəhayət anlasaq ki, heç nəyə görə adam öldürmək olmaz!
Nə kobud cavaba görə, nə xəyanətə görə, insanları öldürmək, onlara xəsarət yetirmək, balta atmaq olmaz.
Anlamaq lazımdır ki, xəyanət edən adamla vidalaşmaq lazımdır, öldürmək yox.
Anlamaq lazımdır ki, Xalq artisti, Əməkdar memar, Xalq rəssamı, baş həkim və s. statuslar heç kimə özünü qoçu, mafiya atası kimi davranmağa zəmin vermir.
Anlamaq lazımdır ki, insan həyatı bu dünyada ən vacib və dəyərli bir nemətdir.
Anlamaq lazımdır ki, bu cəmiyyətin dərdi nədir?
Anlamaq lazımdır ki, son sutkada bu qədər qətl, intihar hadisələrinin səbəbi nədir?
Anlamaq lazımdır ki, hər kəsin öz haqqını tələb etmək kimi hüququ var.
Anlamaq lazımdır ki, bu ölkə, bu dövlət hamımızındır.
Anlamaq lazımdır ki, sabah övladlarımız üçün daha yaxşı cəmiyyət yaratmalıyıq.
Amma təəssüf ki, yenə bu yazının altında mənim yeddi nəslim təhqir olunacaq, ünvanıma pis sözlər yazılacaq. Amma yenə də, əlimi üzmürəm, ümidliyəm.
Necə ki, Xalq artisti Ağadadaş Ağayev son həmlədə əlindəki baltanı mühafizəçiyə tolazladı. Çünki ümidli idi ki, hədəfi vura biləcək.
Düşünürəm ki, Xalq artistinin əlində kəsərli balta yox, kəsərli mövqe, söz və düşüncə olmalıdır. Cəmiyyətdə baş verən hadisələrə münasibət və mövqeyi olmalıdır. Çünki onu o vəziyyətdə, əlində balta görən 15 yaşlı yeniyetmənin ağlından keçənləri təsəvvür etmək çətin deyil.