“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin zona mərhələsi keçirilib

22
May
20:15
thumb_down 0
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin zona mərhələsi keçirilib.
 
Rasim Ocaqov adına Uşaq Gənclər İnkişaf Mərkəzində təşkil olunan festivalda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
 
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Festivalı açılış nitqi ilə açan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova iştirakçıları salamlayaraq, onlara zona və respublika mərhələsində uğurlar arzulayıb.
 
Festival-müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə və milli adət-ənənələrə hörmət ruhunda tərbiyə edilməsidir.
 
Həmçinin, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun zəfər yürüşü və qələbəsi haqqında uşaq və gənclərin maarifləndirilməsi festivalın əsas məqsədləri arasındadır.
 
Bununla yanaşı, festival uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılmasını, onların asudə vaxtlarının səmərəli keçirilməsini, bədii-estetik zövqlərinin tərbiyə edilməsini, yeni istedadların üzə çıxarılmasını və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsini dəstəkləyir.
 
Festival-müsabiqənin qaliblərinin mükafatlandırılması və yekun tədbiri 2024-cü ilin oktyabr ayında Bakı şəhərində keçiriləcəkdir.