Onlar fələyə qalib gəldilər: "Küllərdən doğulan" körpə simurqlarımız

1
İyn
14:18
thumb_down 0

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

seher.media saytı daim yardıma ehtiyacı olan uşaqlarla bağlı paylaşım edib, onlara dəstək olmağa çalışır.

Bu dəfə isə saytımızın oxucularının dəstəyi ilə müalicə olub, sağlamlığına qovuşan uşaqları sizə təqdim edirik:

Aleynanın beş yaşı var. O, bu il fevralın 27-də üzərinə qaynar su aşırdaraq ağır yanıq xəsarətləri alıb. Həmin gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirib, müalicə etdiriblər. Onlar evə çıxdıqdan sonra seher.media saytının izləyicilərinin dəstəyi ilə müalicələrini davam etdirib. Aleynanın vəziyyəti hazırda yaxşıdır, onun bədənindəki yanıq yaraları, demək olar ki, sağalıb.

Üç yaşlı Nuray iki il əvvəl Bakıda açıq ürək əməliyyatı keçirib. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb, səhhəti pisə doğru gedib. Nurayın ailəsi bir il öncə övladlarının Türkiyədə əməliyyata ehtiyacı olması ilə bağlı saytımıza müraciət edib. Yardımsevər şəxslərin dəstəyi ilə Nuray Türkiyədə yenidən əməliyyat olunub, hazırda səhhəti qaydasındadır.

İki yaşlı Yusif ötən ilin iyul ayında üzərinə qaynar su tökərək ağır bədən xəsarətləri alıb. Yusifin ailəsi saytımıza müraciət edərək övladları üçün dəstək istəyib. Yardımsevər şəxslərin dəstəyi ilə Yusif bir dəfə dəriköçürmə əməliyyatı keçirib, uzun müddət isə müalicə alıb. Hazırda Yusifin səhhəti qaydasındadır, bədənindəki bütün yaralar tamamilə sağalıb.

Səkkiz yaşlı Zəhra anadangəlmə qapalı spina-bifida xəstəliyindən əziyyət çəkir. Onun bağırsaqlarının 90%-i çıxarılıb. seher.media saytının izləyicilərinin dəstəyi ilə o, dörd dəfə Türkiyəyə gedərək müalicə və müayinələrdən keçib.

Üç yaşlı Rəna anadangəlmə sidik kisəsinin neyrogen disfunksiyası xəstəliyindən əziyyət çəkir. Beş ayında sağ böyrəyinin, doqquz ayında isə sol böyrəyinin sidik kanalları dəyişdirilib. Rənanın anası seher.media saytına müraciət edərək övladına dəstək olunmasını istəyib. Yardımsevər şəxslər Rənaya da dəfələrlə dəstək olub, müalicələrini ediblər. Rənanın səhhəti hazırda stabildir.

Nigar Cəfər